30 Oktyabr

"Elə müştəri var ki, girovu olsa da kredit vermirik" – BANKİR

“Krediti qaytarmaq üçün müştərinin odəmə qabiliyyəti ilə bərabər şəxsiyyət olaraq dürüstlüyü də bizim üçün vacibdir". Fins.az-ın suallarına "AccessBank”-ın Quba filialında nəzarət müfəttişi Nicat Atakişiyev cavab verir.

- Nicat müəllim, hazırda "AccessBank"ın Quba filialı müştərilərə hansı kreditlər təklif edir?
- Hazırda "AccessBank" olaraq müştərilərimizə 10 min manatadək nağd kreditlər, 100 dollardan 30 min dollaradək mikro kreditlər təklif edirik. Kiçik və orta kreditlər isə 30 min dollardan başlayır. Təsisçilərin qərarı və razılığı ilə kreditin məbləği 4 milyon dollara da çata bilər.

- Hansı kreditlərə maraq daha böyükdür?
- Quba regionunda kənd təssərrüfatı və heyvandarlıq inkişaf etdiyi üçün əsasən bu sahədən kreditlərə maraq böyükdür. Müştərilərimizin böyük bir hissəsi də kənd təssərrüfatı və heyvandarlıqla məşğul olan fermerlərdir. Kreditləri vaxtında qaytarması isə onların öz bizneslərini yetərincə inkişaf etdirə bilmələrinin göstəricidir. Hamı bilir ki, Quba regionda daha çox alma , gilas, çiyələk təsərrüfatları inkişaf edib. Kənd təsərrüfatı ilə bağlı kredit götürən fermerlərin əksəriyyəti bu təsərrüfatlarla məşğul olanlardır.

- Fermerlər bankın kreditlərinə maraq göstərillərmi? Niyə?
- Əlbəttə, regionda əhalinin böyük hissəsi əsasən kənd təsərrüfatı ilə məşğul olduğuna görə, fermerlər bizim kreditlərə kifayət qədər maraq göstərirlər.
Məsələn, 2 ay əvvəl daha çox kreditlərə tələbat var idi. Qışdan çıxmış insanlar üçün ağaclarıın əkilməsi və gübrələnməsi üçün xeyli vəsait tələb olunur. Əgər böyük bağ sahibidirsə, bunun üçün 2-3 min manat vəsait lazımdır. Bu zaman banka müraciət edirlər və məhsul yığımından sonra kreditlərini ödəyirlər.

- Hər ay nə qədər sahibkar kredit götürə bilir?
- Ay ərzində 200 kreditlə bağlı müraciət edən müştəriləri maliyyələşdiririk. Özü də "Accessbank"ın Quba filialı olsaq da, digər regionda çalışan müştərilərə da boyük kreditlər verə bilərik. Məsələn, Gəncədə hansısa müştəri bizə böyük məbləğdə kreditlə bağlı müraciət edərsə ona da kredit verə bilərik. Əsas odur ki, bunu "Accessbank" verir.

- Qeyd etdiniz ki, kreditlərin əsas hissəsi aqrar sahəyə yönəlib. Aqrar sahənin də riskli olduğunu nəzərə alsaq, öz riskinizi necə sığortalayırsınız?
- Belə kreditləri verərkən arayışlı, ciddi təşkilatlarda çalışan zaminlər tələb edirik. Çalışırıq ki, müəyyən aylıq gəliri olan belə şəxsləri kreditlərə zamin qismində cəlb edək. Kənd təsərrüfatı ilə məşğul olan yeni sahibkarlarla kredit məbləğlərində ehtiyat edirik. Riskin böyüklüyünü nəzərə alırıq. Minimum 6 ay -1 il sınaq müddəti olan sahibkarlara kredit veririk və sahibkarın biznesini necə inkişaf etdirdiyini izləyirik.

Bundan başqa, müştəriyə standart ödəniş qrafikindən əlavə sərbəst qrafik də təklif edilir. Belə ki, müştərinin təsərrüfatının mövsümlüyünü, gəlirliliyini nəzərə alaraq ödəniş qrafiki ona uyğun tərtib edilir. Əsasən bu kreditlərin ödənişinin əsas hissəsini məhsul yığımı və satışı vaxtına uyğunlaşdırırıq. Bu da bu sahədə olan riskləri kifayət qədər minimallaşdırır.

- Hansı kreditlər üçün girov tələb olunur?
- Girov təminatının olub-olmaması müştərinin statusundan, kredit məbləğindən və fəaliyyətindən asılıdır. Ümumiyyətlə, kreditin məbləği 30 min dollardan yuxarı olanda girovlar tələb olunur. Ancaq müştəridən aslı olaraq ola bilər ki, 10 min dollar üçün də girov tələb edək. Elə sahibkar da var ki, girov təqdim etsə də, ümumiyyətlə kredit vermirik.

- Rayondakı daşınmaz əmlak obyektlərini girov kimi qəbul edirsiniz?
- Bəli, müştərinin rayonda yerləşən daşınmaz əmlakı da girov kimi qəbul edilir.

- Quba filialında problemli kreditlər nə qədərdir?
- Problemli kreditlərimizin həcmi 0,5%-dən də aşağıdır. Biz çalışırıq ki, məsuliyyətsiz müştərilərlə birgə iş görməyək. Təbii ki, müştərinin reputasiyası, cəmiyyətdə mövqeyi bizim üçün əsas şərtlərdəndir. Burada təkcə müştərinin maddi durumu deyil, onun şəxsiyyət olaraq dürüstlüyü də bizim üçün vacibdir. Yəni müştərinin krediti ödəmək üçün maddi imkanı ilə bərabər həmçinin şəxsi keyfiyyətləri də qənaətbəxş olmalıdır.

- Bəs kredit verərkən müştərilərinizdən kənd təsərrüfatı məhsullarının sığortalanmasını tələb edirsinizmi?
- Sığortadan kütləvi şəkildə istifadə etmirik. Sığorta haqqı müştəri üçün əlavə ödəniş deməkdir və müştərilərin bəziləri sığortaya müxtəlif cür yanaşır. Məsələn, adamın 50 yaşı var və bu vaxta qədər kənd təsərrüfatı ilə məşğul olub, fors-major halla qarşılaşmayıb. O artıq təsərrüfat sahəsini sığortalmaq təklifini yaxşı qarşılamır. Ona görə də, imkan yaradırıq ki, müştəri bu məsələdə öz istəyinə əsasən qərar versin.

- İstirahət mərkəzləri və turizmlə məşğul olanlar kredit götürürlərmi?
- Əlbəttə, turizm sahəsində fəaliyyət göstərən müştərilərimiz də var. Bu sahədə fəaliyyət göstərən sahibkarlar yeni turizm obyektlərinin tikilməsi, ərazinin genişləndirilməsi, eyni zamanda şəxsi məqsədlər üçün bizim kreditlərdən istifadə edirlər. Qeyd etmək lazımdır ki, bu kreditlərlə bağlı müraciətlərin sayı hiss olunacaq dərəcədə artıb.

- Banka əmanət qoyanların sayı necə dəyişib?
- Bu sahədə irəliləyiş var. Ötən il “AccessBank”-ın Quba filialına qoyulan əmanətlərin həcmi təqribən 10 faiz artıb. Müştərilər ona görə narahat deyil ki, bizim aktivlərimiz 1 milyarddan yuxarıdır. Bu isə müştəridə inam yaradır ki, onlar öz pullarını bizim bankda yerləşdirsinlər. Depozit portfelimiz aybaay artır.

- Əmanətlər hansı faizlə qəbul edilir?
- Qanuna görə, illik 9 faizlə yatırılan əmanətlər sığortalansa da, bankımızın kampaniyaları çərçivəsində illik 12 faizlə də əmanət qəbul edirik. Bununla bağlı müştəri əvvəlcədən məlumatlandırılır. Müştərilərimiz bankın reputasiyasını nəzərə alaraq 12 faizlə də əmanət yerləşdirirlər. Bankın göstəriciləri mütəmadi olaraq mətbuatda da açıqlanır. Bu da müştəridə problemin olmayacağı ilə bağlı əminlik yaradır.