2014-cü ilin İyun ayının 1-nə banklarda əhalinin əmanətlərinin miqdarı 6 milyard 643 milyon manat təşkil edib.
İlin əvvəlindən əhalinin əmanətləri 247,2 milyon manat və ya 3,8% artıb. Halbuki, 2013-cü ilin ilk 5 ayı ərzində banklarda əhalinin əmanətləri 778,1 milyon manat və ya 15,2% artmışdı.
Apreldə əhalinin əmanətləri 86,4 milyon manat azalmışdı. Mayda isə əmanətlər artım tempini bərpa edərək 73,1 milyon manat artıb.
Fins.az "Marja"-ya istinadən xəbər verir ki, mütəxəssislər, əhalinin banklara daha az əmanət qoymağa başlamasına, 1 avqust 2013-cü il tarixindən Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%-dən 10%-ə, bu ilin may ayının 19-dan isə 10%-dən 9%-ə endirməsinin səbəb olduğunu söyləyirlər.
ƏMANƏTLƏR DAHA DA AZALA BİLƏR
Xəbər verdiyimiz ki, Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilmişdir. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0.5%-ə endirilmişdir. Faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Mərkəzi Bankın faiz dərəcələrinin endirilməsi barədə sonuncuu qərarından sonra əhalinin banklardakı əmanətlərinin daha da azalacağı proqnozlaşdırılır.
DEPOZİTLƏRİN DİNAMİKASI AZALMASININ SƏBƏBLƏRİ
Mərkəzi Bank bu yaxınlarda əmanətlərin azalması ilə əlaqədar bildirmişdi ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir.
“Cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunmuş azalma sistem xarakteri daşımamış və may ayında bankların depozitlərinin həcmi bərpa olunmuş, aprel ayındakı azalmanı üstələmişdir”,- MB-nin açıqlamasında deyilirdi.