30 Oktyabr

Əmanətçilər yüksək faiz arxasınca qaçır

Azərbaycanda fəaliyyət göstərən banklarda Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunmayan əmanətlərin həcmi artıb. “Marja” Fondun bu gün yaydığı məlumata istinadən xəbər verir ki, son biri ildə fiziki şəxslərin cəmi əmanətlərində qorunmayan əmanətlərin xüsusi çəkisi 21,8 faiz bəndi artaraq 33%-dən 54,8%-ə yüksəlib.

Qorunmayan əmanətlər 1 milyard manatdan çox artıb

Əgər ötən ilin iyun ayının sonunda banklardakı fiziki şəxslərin 5,6 mlrd. manat əmanətinin 1,85 mlrd. manatı qorunmurdusa, bu ilin eyni tarixində 6,3 mlrd. manat cəmi əmanətin 2,87 mlrd. manatı qorunmayan əmanətlər olub. Göründüyü kimi fiziki şəxslərin cəmi əmanətləri 0,6 milyard manat artığı halda qorunmayan əmanətlər 1,02 milyard manat artıb.

Qorunan əmanətlər 300 milyon manat azalıb

Son bir ildə qorunan əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi 67%-dən 54,8%-ə düşüb. Məbləğ olaraq isə qorunan əmanətlərin həcmi 3,77 mlrd. manatdan 3,47 mlrd. manata geriləyib.

1,9 milyardı kompensasiya olunan əmanətdir

II rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (6,3 mlrd. manat) 45,2%-ni (2,87 mlrd. manat) qorunmayan əmanətlər, 54,8%-ni (3,47 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib. Kompensasiya olunan əmanətlər 1 931 mln. manat olmuşdur ki, bu da qorunan əmanətlərin 55,0%-ni təşkil edir. Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i Avronun payına düşür. Üzv banklar tərəfindən 6 073 126 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 504 255 nəfəri (91%) qorunan əmanətçidir. Halbuki, ötən ilin eyni dövründə Fonda üzv banklar tərəfindən 4 979 666 əmanətçiyə xidmət göstərilirdi ki, onların da 4 643 023 nəfəri (93%-i) qorunan əmanətçi idi.

DAHA YÜKSƏK FAİZ ARXASINCA QAÇILIR

Ekspertlər qorunmayan əmanətlərin artmasına Əmanətlərin Sığortalanması Fondu tərəfindən, 19 may 2014- cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 9 faizə endirilməsinin səbəb ola biləcəyini göstərirlər. Bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir. Əhali isə əmanətlərini bu faizdən yüksək faizlər ilə yerləşdirərək daha çox əmanət faizi qazanmaq istəyir. Təbii ki, bu cür əmanətlər də qorunmur. Həmçinin ekspertlər qeyd edirlər ki, qorunmayan əmanətlərin artmasına banklara 9%-dən yüksək faizlə yatırılan iri məbləğli əmanətlər daha çox təsir göstərir. Kiçik həcmli əmanətlər isə əsasən 9%-lə banklara yatırılır.
Qeyd edək ki, sığorta hadisəsi baş verərsə (məsələn, bank müflis olarsa) qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.