30 Oktyabr

Bu bank sahibkarlara işləyir

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Qafqaz İnkişaf Bankı”ın aktivləri 142,7 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 11,6% çoxdur.
Son 9 ayda bankın öhdəlikləri 17,1% artaraq 80,5 milyon manat olsa da, depozitləri 1% azalaraq 7,6 milyon manat olub. Bankın məcmu kapitalı isə 5% artaraq 62,2 milyon manata çatıb.

Problemli kreditləri 13 dəfədən çox artıb

9 ay ərzində “Qafqaz İnkişaf Bankı”nın kredit portfeli 9,5% artaraq 127,1 milyon manat təşkil edib. Bunun da 1,7%-ni və yaxud 2,17 milyon manatını vaxtı keçmiş kreditlər təşkil edib. Xatırladaq ki, ötən ilin sonuna bu göstərici 165 min və yaxud ümumi portfelin 0,14%-i qədər olub. Beləliklə, son 9 ayda “Qafqaz İnkişaf Bankı”nın problemli kreditləri 13 dəfədən çox artıb. Bununla belə, nisbi olaraq problemli portfel ölkə üzrə göstəricidən qat-qat (5,4%) aşağıdır.

Krediti əsasən özəl sektora və Bakıda verib

Ölkə rəhbərliyinin bank kreditləri ilə bağlı son tapşırıqlarını (özəl sektora kreditləri artırmaq barədə) nəzərə alanda “Qafqaz İnkişaf Bankı”nın kredit portfeli nümunə kimi göstərilə bilər. Bankın ayırdığı kreditlərin təxminən 83%-i və yaxud 105,3 milyon manatlıq hissəsi özəl sektora - sahibkarlara yönəldilib. Fiziki şəxslərə verilmiş istehlak kreditləri isə ümumi kredit portfelində 16%-ə yaxın və yaxud 20,1 milyon manatlıq paya malik olub. Bundan başqa, bank 1,7 milyon manat məbləğində ipoteka krediti ayırıb.
“Qafqaz İnkişaf Bankı”nın kredit portfelinin 92%-dən çoxu paytaxtın payına düşüb. Bununla belə, bank Sumqayıt və Gəncədəki filialları vasitəsilə bu şəhərlərdə yaşayanlara müvafiq olaraq 5,3 və 4,4 milyon manat kredit ayırıb.

5,3 milyon manat xalis mənfəət əldə edib

9 ay ərzində “Qafqaz İnkişaf Bankı”nın faiz gəlirləri 9 milyon 30 min manat, faiz xərcləri 3,1 milyon manat, qeyri-faiz gəlirləri 335 min manat, qeyri-faiz xərcləri 1 milyon 360 min manat olub. Beləliklə bankın xalis əməliyyat mənfəəti 4,9 milyon manat təşkil edib ki, bunun da 1,8 milyon manatı xüsusi ehtiyatların yaradılmasına yönəldilib. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən əldə edilmiş 2,2 milyon manatlıq mənfəətlə birlikdə bankın xalis mənfəəti 5,3 milyon olub.