30 Oktyabr

Azərbaycan bankları ABŞ-a işləməyə başlayıb

Azərbaycan bankları bura müraciət edən ölkə vətəndaşlarından ənənəvi məlumatlarla yanaşı, ABŞ-la əlaqələri haqqında da məlumat tələb etməyə başlayıblar.

"Sizin ABŞ qarşısında öhdəliyiniz varmı?"

Fins.az-ın məlumatına görə, bu, bankla istənilən əməliyyat aparan müştərilərə aiddir. Belə ki, bankda hesab açan və ya kredit üçün müraciət edən müştərilər ABŞ-la əlaqələrinə dair xüsusi anket doldurmalı olurlar. Burada müştərinin ABŞ vətəndaşı olub olmadığı, “Green card” alıb-almaması, ABŞ dövləti qarşısında vergi öhdəliyinin olub-olmaması kimi suallara cavab vermək tələb olunur.

Müştərilərə dair məlumatlar ABŞ-a göndəriləcək

Amma iş bununla bitmir. Banklarda müştərilərlə bağlanan müqaviləyə əsasən, ölkə vətəndaşı öz üzərinə bəzi öhdəliklər götürür. Belə ki, müştəri Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (FATCA) tələblərinə uyğun olaraq zəruri məlumatları Banka təqdim edəcəyini, həmçinin bu aktdan irəli gələn tədbirlərin görülməsinə etiraz etməyəcəyini bildirir. Eləcə də müştəri Bank tərəfindən ona aid məlumatların Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının müvafiq oqranlarına təqdim edilməsinə etiraz etməməyi də öhdəsinə götürür.

ABŞ-la Azərbaycan arasında yeni razılaşma

Banklardan fins.az-a verilən məlumata görə, bu yeniliyə səbəb Azərbaycan və ABŞ hökumətləri arasında əldə edilmiş Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktına (FATCA)dair razılıqdır. Müştərilər barədə məlumatların toplanması da bu razılığa əsasən həyata keçirilir. Nəticədə Azərbaycan banklarına hesab açdırmaq, kredit almaq və s. məqsədlərlə müraciət edənlərdən ABŞ-la hər hansı bağlılıqlarının olub-olmaması soruşulur.

Məqsəd vergidən yayınmanın qarşısını almaqdır

Xatırladaq ki, ABŞ Konqresi Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktını (FATCA) 18 mart 2010-cu ildə qəbul edib. Akt ötən ilin əvvəlindən qüvvəyə minib. Məqsəd ABŞ vətəndaşlarının başqa ölkələrdəki maliyyə hesabları haqqında, habelə xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasıdır. Bununla rəsmi Vaşinqton ABŞ vergi ödəyicilərinin vergidən yayınmasının qarşısını almaq və federal vergi gəlirlərini artırmaq istəyir.