Azərbaycanda problemli kreditlərinin səviyyəsi ən yüksək olan banklardan biri məlum olub. Fins.az-ın məlumatına görə, bu İran Milli Bankının Bakı filialıdır.
Bankdan verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında İran Milli Bankının Bakı filialının aktivləri 69,1 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır. Bankın öhdəlikləri 0,7% azalaraq 47,9 milyon manat, o cümlədən əmanətləri 57,2% azalaraq 1,7 milyon manat, məcmu kapitalı isə 1,4% azalaraq 21,2 milyon manat olub.
Verdiyi hər 100 manatın 46 manatını ala bilmir
Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, İran Milli Bankının Bakı filialının problemli kreditləri rekord həddə çatıb. Bankdan fins.az-a verilən məlumata görə, ilk 9 ayda İran bankının kredit portfeli 9,3 milyon manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 11,8% çoxdur. Bankın problemli kreditləri 14% artaraq 4,3 milyon manat olub. Vaxtı keçmiş kreditlərin ümumi portfeldəki payı isə 44,9%-dən 45,7%-ə qalxıb.
Ehtiyat tədbirləri kömək etməyib
Baxmayaraq ki, İran Milli Bankından kredit almaq elə də asan deyil. Filialdan 3 min manata qədər kredit götürmək üçün 2 zamin, 3 min manatdan artıq kredit götürmək üçün isə daşınmaz əmlakın girov qoyulması tələb olunur. Bu, Azərbaycanın bank sektorunda ən ehtiyatlı kredit şərtləridir. Amma hətta belə ehtiyat tədbirləri də bankın problemli kreditlərinin qeyri-adi həddə çatmasına mane ola bilməyib.
"Müştərilərimizin vəziyyəti pisləşib"
Bankın baş mühasibi Elxan Rəhimli deyir ki, kreditlərin qaytarılmaması müştərilərin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlıdır. Bank isə uzun illər girov saxladığı əmlakı müsadirə etməyib və müştərilərinə qarşı bacardıqca anlayışlı davranıb. Bununla belə, tədricən sərt tədbirlərlə kreditlərin qaytarılması təmin olunur. Son nəticədə 2-ci rüblə müqayisədə problemli portfel 3-4% azalıb.
Dövrü zərərlə başa vurub
Yanvar-sentyabrda Bank Milli İranın faiz gəlirləri 36,1% artaraq 1,44 milyon manat, faiz xərcləri 9 dəfə azalaraq 7750 manat, qeyri-faiz gəlirləri 2,4 dəfə artaraq 130 min manat, qeyri-faiz xərcləri isə 50% artaraq 10600 manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 1,55 milyon manat olub. Bank aktivlər üzrə ehtiyatların yaradılması 730 min manat, inzibati xərclərə isə 1,1 milyon manat pul yönəldib. Digər xərclərlə birlikdə bank 3-cü rübü təxminən 300 min manat zərərlə başa vurub.
Bazardan getmək niyyətində deyil
İran bankı Azərbaycan bazarında fəaliyyətini davam etdiomək niyyətindədir. Hazırda bankın məcmu kapitalı 39 milon manat təşkil etsə də, ilin sonunadək bu rəqəmin 50 milyona çatırılacağı gözlənilir.