Pakistan Milli Bankının (NBP) Bakı filialının bundan sonrakı fəaliyyətinə davam edib-etməməsi Azərbaycan və Pakistan hökumətləri arasında aparılan danışıqlardan sonra məlum olacaq. Bu barədə fins.az-a bankın baş menecerinin müavini Sahib Quliyev məlumat verib. Xatırladaq ki, hazırda NBP-nin Bakı filialının məcmu kapitalı 10 milyon manat civarındadır. Kapital göstəricisini Mərkəzi Bankın tələbinə (50 milyon manat) uyğunlaşdırmaq üçün bank bu ilin sonunadək kapitalını daha 40 milyon manat artırmalıdır.
S.Quliyev bildirib ki, hazırda bu məsələ ilə bağlı iki ölkənin hökumətləri arasında danışıqlar aparılır. Bank rəsmisu bu danışıqların uğurla nəticələnəcəyinə şübhə etmir: “Bu filial Azərbaycanla Pakistan arasında yüksək səviyyəli iqtisadi münasibətlər çərçivəsində fəaliyyət göstərir. Yəgin ki, kapital problemi tezliklə həll ediləcək".
S.Quliyevin sözlərinə görə, lazım gəlsə, Pakistan tərəfi ğələb olunan vəsaiti ayırmağa çətinlik çəkməyəcək: "Pakistan Milli Bankının nizamnamə fondunda 1 milyard dollardan artıq vəsait var. 40 milyon manat bura yönəltmək çətin olmayacaq”.
Xatırladaq ki, AMB-nin tələbinə görə, 2015-ci il yanvarın 1-i tarixinə ölkədəki bankların məcmu kapitalı 50 milyon manata çatdırılmalıdır. Bu müddətin başa çatmasına cəmi 25 gün qalsa da, bəzi banklar hələ kapitallarını lazımi həddə çatdıra bilməyiblər.