30 phrase_var_core.october

Qara Dəniz Bankı Azərbaycanda real sektora kreditləri artıracaq

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə strategiyasına əsasən, qarşıdakı 3 ildə bankın artıracağı kreditlərin böyük hissəsi real sektora yönəldiləcək. Maliyyə Nazirliyindən fins.az-a verilən məlumata görə, bu barədə Bakıda maliyyə naziri Samir Şərifovla görüşdə QDTİB prezidenti İhsan Uğur Delikanlı bildirib. Onun sözlərinə görə, 2015-2018-ci illər üçün ölkə üzrə milli strategiyada maliyyə sektoruna ayrılan kreditlərin əsasən real sektora yönəldilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, yerli istehsalın, kiçik və orta sahibkarlığın, ticarətin birbaşa maliyyələşdirilməsinə diqqət yetiriləcək.

Görüşdə Görüşdə Azərbaycan və QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın Azərbaycan üzrə hazırlayacağı 2015-2018-ci illər üçün ölkə strategiyasında prioritetlərin müəyyənləşdirilməsi və onların ölkənin sosial-iqtisadi siyasətinə uyğunlaşdırılması müzakirə olunub. Qonaqları Azərbaycanın cari iqtisadi vəziyyəti barədə məlumatlandıran maliyyə naziri Samir Şərifov isə bildirib ki, qeyri-neft sektorunun inkişafı qarşıdakı illərdə də prioritet olaraq qalacaq. Nazir qeyd edib ki, QDTİB ölkəmizdə real sektorla birbaşa əməkdaşlığa üstünlük verərək qeyri-neft sektorunun inkişafını və yerli istehsalı dəstəkləməklə əldə olunan nailiyyətlərə daha çox töhfə verə bilər.

Xatırladaq ki, QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda Bankın nizamnamə kapitalı 3,0 mlrd., səhm kapitalı isə 2 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5% paya malikdir. Bank fəaliyyətə başlayandan bugünədək Azərbaycanda özəl sektora 35 layihənin icrası üçün 220,0 mln. avro məbləğində kredit ayırıb ki, bu da Bankın əməliyyatlar portfelinin 7,4%-ni təşkil edir.