30 phrase_var_core.october

“AGBank”dan 43%-lik “endirimli” kredit

“AGBank” müştəriləri üçün yeni kampaniyaya start verib. Fins.az-ın məlumatına görə, kampaniya çərçivəsində bankdan 10 min manata qədər nağd pul kreditlərini 2-5% endirimlə əldə etmək mümkündür. Endiriminin nə qədər olacağı müştərinin iş yerindən, kredit tarixçəsindən və başqa banklardakı kreditlərindən asılıdır. Endirim kampaniyası bu ayın sonuna qədər davam edəcək. Bankdan verilən məlumata görə, 3 aydan 36 ayadək müddətə verilən kreditdən 20-65 yaşlarındakı bütün şəxslərin yararlanması mümkündür. Kampaniyada digər banklarda krediti olan müştərilərin iştirakına məhdudiyyət qoyulmur.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, hətta endirimli şərtlərlə belə bankın kreditləri yüksək faizlərlə verilir. Belə ki, “AGBank” adi vaxtlarda krediti illik 26-36%-lə ayırır. Kreditə görə komisyon haqqı isə 1 illik kreditlərdə 4,6%, 2 illik kreditlərdə 6,6%, 3 illik kreditlərdə isə 8,6% təşkil edir. Endirim kampaniyasının şərtlərini nəzərə aldıqda, bank kampaniya çərçivəsində krediti minimum illik 21%-lə, maksimum isə 34%-lə verəcək. Bura komission haqqı da əlavə etdikdə, bankdan bir il müddətinə götürülən kreditlərin real faiz dərəcəsi illik 30%-43% arasında dəyişir.