Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov əhalini ciddi narahat edən kredit faizlərinin yüksək olmasının səbəblərini izah edib. Fins.az-ın məlumatına görə, AZTV-yə müsahibə verən baş banker istehlak kreditlərinin yüksək faiz dərəcələri ilə verildiyini etiraf edib. Baş bankirin sözlərinə görə, banklar kreditlərin faizlərini müəyyən etməkdə sərbəstdirlər: “Kreditlərin faiz dərəcəsi müştəri ilə bank arasında bağlanılan müqavilə ilə tənzimlənir və banklar bu məsələdə sərbəstdirlər».
«Təminatsız kreditlərin baha olması təbiidir»
Bununla yanaşı, E.Rüstəmov xatırladıb ki, faiz dərəcələrinin yüksək olması istehlak kreditlərində müşahidə edilir, bu isə təbiidir: «Söhbət əsasən istehlak kreditlərindən gedir. Bu kreditlər adətən hansı məqsədlə götürülməsindən asılı olmayaraq vətəndaşlara yüksək faiz dərəcələri ilə ayrılır. Çünki müştərilərdən heç bir təminat tələb olunmur. Burada heç bir bürokratiya, sənədlər, gəlir mənbələri və s. göstərilmir. Bank üçün risk böyükdür. Beynəlxalq təcrübədə də belə kreditlər - zənglə verilən kreditlər, sms-lə və ya kredit kartlarına verilən kreditlərin faizləri yüksəkdir".
«Kreditlərin ucuzlaşmasına çalışırıq»
AMB rəhbəri rəhbərlik etdiyi qurumun istehlak kreditlərinin ucuzlaşmasına çalışdığını bildirib: «Biz bu problemi bilirik və banklarla aktiv şəkildə işləyirik ki, istehlak kreditləri ucuzlaşsın. Bankların kredit portfelinin 75%-ni təşkil edən biznes kreditləri 10-12%-lə verilir və son 3-4 ildə bu sahədə ciddi ucuzlaşma hiss olunur. İstehlak kreditləri ilə bağlı da iş aparılır”.
«Sələmçilər arta bilər»
Elman Rüstəmov onu da deyib ki, bəzi ölkələrdə kredit və əmanət faizlərinin yuxarı həddi müəyyən edilir, amma bu təcrübə Azərbaycan üçün arzuolunan deyil: “Həmin ölkələrdə pullar açıq bankçılıqdan kənarlaşır, kölgə bankçılığına yönəlir, sələmçilik inkişaf edir, bu da ciddi problemdir. Burada dövlətin nəzarəti zəifdir. Azərbaycanın yeni tarixində “Vahidbank”, “Mərhəmətbank” kimi xoşagəlməz təcrübələr olub. Buna görə də bizi bazarın tamamilə iqtisadi yolla qanun qaydada tənzimlənməsinin tərəfdarıyıq”.