30 phrase_var_core.october

Naxçıvanlıların banklardakı pulları artıb

2014-cü ilin yekunlarına görə, Naxçıvan Muxtar Respublikasındakı banklara 6,77 milyon manat əmanət qoyulub. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yerli idarəsinin rəisi Səbuhi Məmmədov bildirib. Onun sözlərinə görə, bu, 2013-cü illə müqayisədə 1,7 milyon manat çoxdur. Əmanətlərin 1,74 milyon manatı xarici valyuta ilə qoyulub.

İdarə rəisi ötən il Naxçıvanda verilmiş kreditlərin məbləğini də açıqlayıb. Belə ki, 1 yanvar 2015-ci il tarixinə muxtar respublikada 54,46 milyon manat kredit verilib ki, bunun da 21,36 milyon manatı qısamüddətli, 33,95 milyon manatı isə uzunmüddətli kreditlərdir. Kreditlərin 17,96 milyon manatı kənd təsərrüfatı, 5,67 milyon manatı sənaye, 7,18 milyon manatı tikinti, 4,7 milyon manatı kommersiya, 2,53 milyon manatı daşınmaz əmlak, 16,89 milyon manatı isə digər kommunal, sosial və istehlak məqsədli kreditlər olub.