Rəsmi Afina Avropanın aparıcı ölkəsi və Yunanıstanın da əsas kreditoru olan Almaniyaya qarşı gözlənilməz tələblə çıxış edib. Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yunanıstan hökuməti İkinci Dünya Müharibəsi dövründə nasistlərin bu ölkədə törətdiyi cinayətlərə, zorla aldığı borca və işğala görə Almaniyadan təzminat tələb edir. Bu barədə Yunanıstanın baş naziri Aleksis Tsipras parlamentdə hökumətin fəaliyyət proqramını təqdim edərkən bəyan edib.
«Həm mənəvi, həm də maddi borc»
Baş nazirin sözlərinə görə, bu təzminatın ödənilməsi işğalçı dövlətin tarix qarşısında mənəvi borcudur, çünki bu müharibədə digər Avropa xalqları kimi təcavüzə məruz qalan yunanlar da faşizmə qarşı vuruşublar və qan töküblər. Tsipras bildirib ki, Almaniyanın Yunanstanı işğalına görə vurulan zərər 108 milyard, faşistlərin zorla aldığı borc isə faizlərlə birgə 700 milyard avro edir.
Qeyd edək ki, Yunanıstanda İkinci Dünya Müharibəsi illərində nasistlərin cinayətlərinə görə milyardlarla ölçülən hərbi təzminatların Berlindən alınması barədə məsələ son illərdə fəal müzakirə olunur, lakin indiyədək bu mövzuda irəliləyiş olmayıb.
2014-ci ilin mart ayında Yunanıstan prezidenti Karolos Papulyas Almaniya prezidenti Yoaxim Qauka bildirib ki, Afina Almaniyadan hərbi təzminat ödənişindən və işğalçının aldığı borcun qaytarılması tələbindən imtina etməyəcəklər.
2015-ci il yanvarın 12-də Almaniyanın Maliyyə Nazirliyinin rəsmisi Martin Yeger jurnalistlərə bildirib ki, Berlin ödənişlər üçün heç bir əsas görmür. Üstəlik, o iddia edib ki, Yunanıstan hökuməti də bu barədə tələb irəli sürməyib. Yanvarın 13-də isə Yunanıstan xarici işlər naziri Venezilos ona cavab olaraq bildirib ki, Afina hərbi təzminatı və işğal borcunu ödəmək tələblərini AFR-ə rəsmən irəli sürür.
Almaniya Yunanıstana borclu qalacaq
Yunanıstanın tələbinə görə, ölkəyə o vaxt 7,1 milyard dollar zərər dəyib, yəni Berlin indiki qiymətlərlə 108 mlrd. avro pul verməlidir. Bundan başqa, faşistlər məcburi kredit formasında 3,5 milyard dollar həcmində, yəni indiki qiymətlərlə 54 milyard avro dəyərində olan qızıl və pul resurslarını Yunanıstan Mərkəzi Bankının seyflərindən götürüblər. Nəticədə hətta kompensasiya olmadan bu vəsaitin təkcə faizi 162 mlrd. avronu keçə bilərdi. Faizlərlə birgə bu məbləğ 600-700 mlrd. avroya qədər çatır.
Doğrudur, Almaniya 1960-ci ildə Yunanıstana 115 mln. marka (indiki qiymətlərlə 59 mln. avro) məbləğində təzminat ödəyib, lakin yunanlar hesab edirlər ki, bu kompensasiya gülünc səviyyədə azdır.
Müharibənin ən çox ziyan vurduğu 4-cü ölkə
Yunan mətbuatı yazır ki, Yunanıstan SSRİ, Polşa və Yuqoslaviya sonra müharibənin ən çox ziyan vurduğu 4-cü ölkədir. Yunanıstana Almaniyanın işğal illərində vurduğu zərər qədər heç bir ölkə ziyan vurmayıb. 130 min dinc sakin, o cümlədən qadın və uşaqlar edam olunub, 70 min yəhudi konsentrasiya düşərgələrinə göndərilib, daha 300 min yunan aclıqdan ölüb və ya soyuqdan donub, çünki almanlar ərzaq və yanacağı müsadirə etmişlər. Ölkənin infrastrukturunun 50%-i, sənayenin 75%-i məhv edilib. Almaniya 1941-ci ilin aprelində Yunanıstan və Yuqoslaviyaya hər hansı bir səbəb olmadan hücum edib. Yunanıstanda sərt işğal rejimi bərqərar olub, xüsusilə yunan müəssisələri öz mallarını Almaniyaya ixrac etməyə məcbur. Bütün nəticəsində nəhəng inflyasiya baş verib, yunanların həyat səviyyəsi kəskin azalıb.
«Avrozona»nın yeni başağrısı
Qeyd edək ki, Yunanıstan indiyədək NATO-nun və ən başlıcası Avrozonanın üzvüdür. Maraqlıdır ki, 1990-ci ildə (Almaniya birləşən vaxt) Aİ ölkələri Almaniyaya qarşı bu cür iddiaları dayandırıb. Qərara alınıb ki, bütün ödənişlər hər hansı bir beynəlxalq müqavilə əsasında deyil, sadəcə olaraq, Almaniya hökumətinin qərarı ilə həyata keçirilməlidir. Yəni, təzminatları Yunanıstan, əlbəttə, tələb edə bilər, amma Almaniya ödəməyə borclu deyildir.
Almaniya: Yunanıstan qarşısında öhdəliyimiz yoxdur
Almaniyanın mövqeyi isə belədir: 1960-ci illərdə Yunanıstan işğaldan ziyana görə AFR ilə müqavilə çərçivəsində 115 mln. marka (67 mln. dollar) Berlin tərəfindən alıb. Və Berlində hesab edirlər ki, bu pullarla Almaniya Yunanıstan qarşısında öhdəlikləri tam bağlanıb.
Yunanıstan hökuməti isə bunu beynəlxalq məhkəmə qaydasında almağı düşünür. Yunanıstanın baş naziri qeyd edib ki, onun hökuməti ölkəsinə və xalqına öz ləyaqətinin qaytarılmasını nəzərdə tutur- bu, xarici siyasətin fəal və hərtərəfli həyata keçirilməsinə çalışacaq.