30 phrase_var_core.october

«Noutbuk» girovu ilə kreditlər veriləcək

Yaxın vaxtlarda kiçik sahibkarlar bankdan kredit götürmək üçün evdəki kompüterlərini və ya «noutbuk»larını da də girov qoya biləcəklər. İş adamlarının bankdan kredit almasını asanlaşdırmaq və xroniki girov problemini həll etmək üçün Azərbayanda daşınar əmlakların girov sisteminin yaradılması təklif edilir. Bunun üçün Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) dəstəyi ilə daşınar əmlakın yüklülüyü üzrə dövlət reyestri qurulacaq.

Girov əmlakla heç nə etmək mümkün olmayacaq

BMK-nın təminatlı əqdlər üzrə mütəxəssisi Aqil Abdullayev fins.az-a bildirib ki, əslində daşınar əmlakın girov kimi qəbulu təcrübəsi Azərbaycanda var. Bəzi banklar və bank olmayan kredit təşkilatları müştərilərinə kredit verəndə onların ev əşyalarını, eləcə də mal-qaranı, dövriyyədə ola mağaza mallarını (sement və s.) girov kimi qəbul edirlər. Amma belə kreditlərin riski olduqca böyükdür. Məsələ ondadır ki, kredit götürən şəxs, girov kimi qoyduğu daşınar əmlakı sabah kiməsə sata da bilərlər. Götürülmüş kredit vaxtında qaytarılmadıqsa da kredit təşkilatının həmin əşyalara “əl qoyması” mümkün olmaya da bilər.

Bundan başqa, bir bankda girov qoyulmuş daşınar əmlakı başqa bankda da girov qoymaq mümkündür. Nəticədə sabah kredit qaytarılmayanda bu iki bank arasında mübahisə başlayacaq. Daşınar əmlakın yüklülüyü üzrə dövlət reyestri də ona görə lazımır ki, girov kimi qoyulan əşyalar burada qeydiyyatına alınsın. Nəticədə bir dəfə girov qoyulan əmlakları ikinci dəfə girov kimi qoymaq və ya satmaq mümkün olmayacaq.

Yüklü əmlakı başqasına satmaq olmaz

“Daşınar əmlakın yüklülüyü haqqında qanun” layihəsinə görə, kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri girov kimi qəbul edə biləcəklər. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınır və reyestrə ötürülür.

Beləliklə, istənilən kredit təşkilatı hansısa əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdırır. Daşınar əmlakın yüklülüyü üzrə dövlət reyestri həm də yüklü əmlakı ala biləcək potensial müştərilər üçün nəzərdə tutulub. Yəni tutaq ki, kimsə sizə öz notbukunu satırsa, siz reyestrə sorğu verib həmin notbukun hardasa girov qoyulub-qoyulmadığını öyrənə bilərsiniz. Çünki, sabah sizin notbuku aldığınız adam banka borcunu ödəməsə pul verib əldə etdiyimiz əmlaka əl qoyula bilər.

Kiçik və orta biznesə dəstək

Aqil Abdullayev deyir ki, yeni girov mexanizminin yaradılması banklara yeni müştərilər qazanmağa, kiçik və orta sahibkarlara isə maliyyə vəsaitini olan ehtiyaclarını ödəməyə imkan verəcək. Söhbət 10-30 min manatlıq kreditlərdən gedir. “Daşınar əmlakın yüklülüyü haqqında qanun”un layihəsinin hazırlanmasında MBK ilə yanaşı, Mərkəzi Bank, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“Asan xidmət”), Ədliyyə Nazirliyi, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi iştirak edir. Sənədin bu il Milli Məclisə göndərilməsi və qəbul edilməsi nəzərdə tutulub.