30 Oktyabr

“Kredit dərəcələri tezliklə enməyəcək”

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarının kreditlərin illik faiz dərəcəsini tezliklə aşağı salacağını gözləmir. Fins.az-ın “Fineko” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə AMB-nin baş direktoru Rəşad Orucov bildirib: “Başa düşmək lazımdır ki, kredit faizlərinin azaldılması prosesi müəyyən vaxt tələb edir”.
Onun sözlərinə görə, faizlərin yüksək olması vaxtilə cəlb edilmiş əmanətlərin illik faiz dərəcəsinin yüksək olması ilə bağlıdır: “Kredit dərəcələrinə yenidən baxmaq üçün, depozit dərəcələrini qabaqcadan azaltmaq lazımdır. Hazırda banklar əvvəllər əmanətçiləri ilə bağladıqları əmanət müqavilələri üzrə faiz dərəcələrini azalda bilməzlər”– deyə Rəşad Orucov qeyd edib.