30 Oktyabr

100 bankdan 1 milyard dollar oğurlanıb

Rusiyanın “Kaspersky Lab” antivirus laboratoriyası tarixin ən böyük bank qarətinin üstünü açıb. Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, son 2 ildə xakerlər dünyanın 30-dan çox ölkəsində 100-dən çox bankın kompüter sisteminə müdaxilə edərək 1 milyard dollardan çox pulu başqa hesablara köçürərək mənimsəyiblər.

Bu bankların çoxu Rusiyadadır, lakin Yaponiya, ABŞ, Niderland, İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən bankların da virtual qarətə məruz qaldığı bildirilir. Təkcə Rusiya banklarından oğurlanan vəsaitin həcmi 300 milyon dollardan çoxdur.

“Kaspersky Lab” soyğuna məruz qalan bankların adını göstərməyib, hesab edilir ki bu addım müştərilərin həmin banklardakı pullarını kütləvi şəkildə çıxarmalarıına səbəb ola bilər.

Xakerlər banklardan oğurladıqları pulları kiçik məbləğlərlə başqa ölkələrdə açdıqları hesablara köçürüb, oradan isə nağdlaşdırıblər. Bir dəfəyə həyata keçirilən ən iri oğurluq 10 milyon dollar həcmində olub. Onlar oğurladıqları pulları köçürmək üçün ABŞ və Çin də daxil olmaqla bəzi ölkələrin banklarında saxta hesablar açıblar. Belə hesabların “JP Morgan Chase” bankında da açıldığı bildirilir.

“Kaspersky”in Şimali Amerika üzrə direktoru Kris Doqqert bildirib ki, bu haker proqramına “Carbank” adı veriblər. Onun sözlərinə görə, bu indiyədək mövcud olan ən mükəmməl bank soyğunudur, çünki burada ən son texnoloji metodlar tətbiq olunub.