30 Oktyabr

Bakıda islam maliyyələşməsinə dair beynəlxalq konfrans keçiriləcək

Sabah Bakıda İslam maliyyələşməsinin inkişafı ilə bağlı müasir vəziyyət və gələcək gözləntilər mövzusunda müzakirələr keçiriləcək. Bu barədə fins.az “Turan” agentliyinə istinadən xəbər verir.
Dünyanın müxtəlif ölkələrindən olan maliyyəçilər, iqtisadçılar, elm adamları, həmçinin teoloqlar sahibkarlıq fəaliyyətində şəriət qaydaları ilə maliyyələşmənin rolunu müzakirə edəcəklər.
“İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” adlı beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu tərəfindən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunacaq.

Konfransın gedişində İslam maliyyələşməsi sistemində (bankçılıq, sığorta, lizinq və s.) risklərin idarə olunması, fyuçer əməliyyatlarında şəriət prinsiplərinin qəbulu müzakirə predmeti olacaq. İslam bankçılığının qeyri-müsəlman ölkələrində, o cümlədən Rusiya və Gürcüstanda inkişaf perspektivləri barədə hesabat dinləniləcək.

Xatırladaq ki, Azərbaycanda İslam bankçılığı məhsullarını aktiv şəkildə dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC tətbiq edir. 2014-cü ildə bankın islam aktivləri 526 milyon dollar təşkil edib. Bunun 252 milyon dollarlıq hissəsi dünya banklarından cəlb edilmiş sindikatlaşdırılmış kreditlər hesabına təmin olunub. Bu il bank bir neçə milyon dollar dəyərində İslam istiqrazları buraxmağı planlaşdırır.