Küveyt vətəndaşlarına məxsus bank Azərbaycan bankına kredit təşkil edib
Küveytin “Warba Bank”ı Azərbaycan Beynəlxalq Bankına şəriət qaydaları (sharia-complaint) ilə 150 milyon dollar məbləğində sindikatlaşdırılmış kreditin təşkil olunduğunu bəyan edib.
Fins.az “Marja”-ya istinadən xəbər verir ki, “J.P. Morgan Bank”, “Citigroup”, “Barwa Bank”, “Al Hilal Bank”, “Noor Bank and Dubai Islamic Bank” sindikatın iştirakçılarıdır. “Warba Bank” kosorsiumda 20 milyon dollar ilə iştirak edir, qalan məbləğ digər iştirakçılar tərəfindən təmin olunacaq.
Warba Bank 2010-də Küveyt Əmirinin fərmanı ilə yaradılıb. Bankın nizamnamə kapitalının 24 faizi Küveyt İnvestisiya Təşkilatına, qalan hissəsi isə Küveytin vətəndaşlarına məxsusdur.
Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam bankçılığını regionda ilk tətbiq edən bankdır. Bankın İslam bankçılığı departamenti 2013-cü ilin aprel ayından xidmət göstərməyə başlayıb.
Ötən ilin sonuna ABB-nin İslam bankçılığı üzrə aktivlərinin həcmi 526 milyon ABŞ dolları səviyyəsində olmuşdur. 1 oktyabr 2014-cü il tarixinə departamentin pərakəndə maliyyəşdirmə portfeli 9,5 milyon manat və korporativ portfeli 162 milyon manat təşkil etmişdir və bu rəqəm artmaqdadır. ABB-nin İslam bankçılığı departamenti 3500 müştəriyə xidmət göstərir. Departamentin Sumqayıt, Gəncə və Lənkəranda şöbələri açılıb.
Ötən il ABB ölkə bank tarixində ilk dəfə olaraq ən iri həcmli kredit cəlb edib. 252 milyon ABŞ dolları həcmində olan bu sindikatlaşdırılmış kredit əmtəə “murabaha” şəklində cəlb edilib.