“Bank of Baku” müştərilərinə 1500 dollardan artıq kredit vermir. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, ilkin müştərilər bankdan maksimum 1000 dollar, təkrar müştərilər isə 1500 dollar kredit ala bilər. Bundan başqa, kreditlərin faiz dərəcələri də artırılıb. Belə ki, indiyə qədər bank ilkin müştərilərinə illik 30%-lə, təkrar müştərilərinə isə illik 28%-lə kredit ayırırdı. Hazırda isə faiz dərəcələri 30-32%-dir. Həmçinin kreditlərin müddətinə də məhdudiyyət qoyulub. Əvvəllər krediti 3 ilə qədər götürmək mümkün idisə, hazırda 18 aydan artıq müddətə kredit verilmir. Bankda yeni şərtləri son vaxtlar dolların məzənnəsi ilə bağlı yaranmış vəziyyətlə izah edirlər: “Bu vəziyyətin nə vaxt dəyişəcəyini bilmirik” – deyə bankın filiallarından bildirilib.