Fevralın 27-də bank AMB-dən 250 milyon manat alıb.
Manatın devalvasiyasının nəticələrini yumşaltmaq və kapitallaşma göstəricilərini bərpa etmək üçün Azərbaycan Beynəlxalq Bankına (ABB) böyük ehtimalla əlavə dəstək tələb olunacaq.
Fins.az-ın "Oxu.az"-a istinadən məlumatına görə, bu barədə Fitch Ratings beynəlxalq reytinq agentliyinin məlumatında bildirilir.
“Biz proqnozlaşdırırıq ki, banka kapital ödənişləri və/və ya tənzimləyicinin (Azərbaycan Mərkəzi Bankı (AMB) nəzərdə tutulur – red.) tənzimləyici tələblərdən uzaqlaşmasına verdiyi icazənin müddəti artırılacaq. Nəticə olaraq, biz bankın kreditqabiliyyətliliyinin zəifləməsi nəticəsində hansısa mənfi reytinq hərəkəti gözləmirik”, - deyə, press-relizdə qeyd olunur.
Agentliyin hesablamalarına görə, risklər nəzərə alınmaqla hesablanmış aktivlərin artması kapital kifayətliliyi üzrə tənzimləyici göstərici minimal 12%-dək (2014-cü ilin sonuna olan 12,02%-dən) düşməsi demək olardı.
Bu, fevralın 27-də Azərbaycan Mərkəzi Bankındna subordinasiya olunmuş borc formasında alınmış 250 milyon manat həcmində kapitala dəstəklə qismən kompensasiya olunub.
Bundan başqa, ABB AMB-dən bir il müddətində tənzimləyici tələblərdən uzaqlaşmaq icazəsi alıb. Bu icazəyə əsasən, kapital kifayətliliyi üzrə tənzimləyici göstəricini 10%-dək endirmək olar.
“ABB-nin menecmenti Fitch-i məlumatlandırıb ki, bank 100 milyon manatlıq yeni kapital emissiyasının keçirilməsini sürətləndirəcək. Bu məbləğin 50 milyon manatının mart ayında Maliyyə Nazirliyi tərəfindən veriləcəyi gözlənilir. Bu emissiya bankın 2013-cü ildə qəbul edilmiş 500 milyon manat həcmində təkrar kapitallaşması proqramı çərçivəsində aparılacaq. Həmin proqram çərçivəsində 2014-cü ilin sonunda artıq 200 milyon manat alınıb. Bundan başqa, aprelin 2-də səhmdarlar ümumi toplantıda adi səhmlərin əlavə emissiyası imkanlarını müzakirə edəcəklər”, - deyə, məlumatda vurğulanır.
Fitch gözləyir ki, ABB üçün əlavə kapitalın verilməsi ilə bağlı hansısa gecikmə olmazsa, kapital kifayətliliyinə olan tənzimləyici tələblərdən uzaqlaşmağa verilən icazənin müddəti artırılacaq.
Agentlik ABB-nin devalvasiyanın birbaşa nəticəsi olaraq, hansısa əhəmiyyətli zərərə uğrayacağını gözləmir. ABB-nin uzunmüddətli emitent defoltu reytinqi və “BB” səviyyəsində olan prioritet borc reytinqi bankın yüksək sistem əhəmiyyətini nəzərə almaqla, zərurət yarandıqda Azərbaycanın rəhbərliyi tərəfindən mülayim dəstək ehtimalını əks etdirir. Eyni zamanda, banka vaxtlı-vaxtında köməyin təqdim olunmaması reytinqlərə azalma istiqamətində təzyiq göstərə bilər.
“Biz, manatın devalvasiyası nəticəsində kapitala əlavə təzyiq və valyuta kreditləşməsinin daha yüksək payının dayanıqlılıq reytinqinin azalmasına gətirmək üçün kifayət edəcəyini gözləmirik”.