30 phrase_var_core.october

Mərkəzi Bankdan dolların qiymətinə dair - AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) son günlər ölkədə manatın yenidən ucuzlaşmasına, başqa sözlə ABŞ dolları da daxil olmaqla xarici valyutaların bahalaşmasına münasibət bildirib. Bu barədə fins.az “Trend”ə istinadən xəbər verir. Mərkəzi Bank bəyan edib ki, manatın məzənnəsi avro və dolların daxil olduğu səbət mexanizmi əsasında formalaşır: “Bunun mahiyyəti odur ki, adı çəkilən iki valyutanın məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən dollar/manat məzənnəsinə ötürülür. Yəni, manat dollara qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər”.

Məlumatda o da qeyd edilir ki, son 2 gündə beynəlxalq valyuta bazarlarında avronun dollara qarşı ucuzlaşması müşahidə olunur: “Bu da dollar/manat məzənnəsinin yumşaq gündəlik dəyişiminə səbəb olub. Bütövlükdə, bu dəyişikliklər idarə olunan çevik məzənnə rejimi üçün xas olan bir haldır. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar. Avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meyilləri nəzərə alır”.