“AFB Bank”ın vaxtı keçmiş kreditlərin məbləği kəskin artıb. Bu barədə fins.az bankın 2015-ci ilin 1-ci rübünün yekunlarına aid maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ilin ilk 3 ayının yekununda bankın kredit portfeli 207,4 milyon manat təşkil edib. Bunun isə 10,53%-i və yaxud 21,84 milyon manatı vaxtı keçmiş kreditlər olub.
Halbuki 3 ay bundan əvvəl bankın problemli kreditlərinin kredit portfelində payı 1%-dən bir qədər çox idi. 2014-cü ilin yekunlarına əsasən, bankın kredit portfeli 204,7 milyon manat təşkil edib. Bunun isə 1,36%-i və yaxud 2,78 milyon manatı vaxtı keçmiş kreditlər olub.
Göründüyü kimi, 1-ci rübdə bankın kredit portfeli demək olar ki, artmadığı halda, həm problemli kreditləri, həm də bu kreditlərin ümumi portfeldə pay təxminən 8 dəfə artıb.
Bankda nə kredit portfelinin yerində saymasını, nə də ki, vaxtı keçmiş kreditlərin kəskin artmasını şərh etmək istəmirlər. Amma çox güman ki, bu cür vəziyyətin yaranması fevral ayında Azərbaycanda manatın kəskin ucuzlaşdırılması ilə bağlıdır.
Məsələ ondadır ki, devalvasiyadan sonra əksər banklar kimi “AFB Bank” da kreditləşməyə fasilə vermişdi. Bankın kredit portfelinin 3 aya cəmi 2,7 milyon manat artması məhz bununla bağlı ola bilər.
Problemli kreditlərin artmasını isə devalvasiya nəticəsində bankın müştərilərinin maddi durumunun bir qədər pisləşməsi ilə izah etmək olar. Belə görünür ki, müştərilər məzənnənin dəyişməsindən sonra banka ödəniş etməkdə çətinlik çəkirlər.