Mayın 2-dən 5-nə qədər, Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanın da üzv olduğu Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının ənənəvi illik toplantısı keçiriləcək. Fins.az-ın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında maliyyə naziri Samir Şərifov məlumat verib.
Onun sözlərinə görə, beynəlxalq maliyyə tədbirində 66 ölkədən təxminən 3 min nümayəndə iştirak edəcək: “Azərbaycan 1999-cu ildən bu banka üzvdür. Prezidentin sərəncamı ilə 2013-ci ilin 22 may tarixində təşkilat komitəsi yaradılıb. AİB və Azərbaycan arasında tədbirin keçirilməsinə dair anlaşma memorandumu imzalanıb. Toplantı çərçivəsində müxtəlif tədbirlər - seminarlar, regional təşkilatların kiçik iclasları keçiriləcək. Asiya - Sakit Okean regionu ölkələrinin maliyyə nazirlərinin görüş və iclasları olacaq”.
Nazir onu da deyib ki, indiyə qədər Asiya İnkişaf Bankı Azərbaycana 1,6 milyard dollar kredit alıb. Bunun 168 milyon dolları özəl sektora yönəldilib. Bundan başqa bank ölkəmizə 18 milyon dollar qrant ayırıb.