30 Oktyabr

“Kapitalbank”ın işçilərinə cinayət işi açılıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Kapitalbank”ın İmişli, Şabran və Biləsuvar filiallarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə qeyd olunan bankdan daxil olmuş materialı araşdırıb. Bu barədə fins.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, araşdırma zamanı məlum olub ki, bankın İmişli filialının kredit şöbəsinin sabiq əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və baş xəzinədar Seymur Qasımov saxta kredit müqavilələri bağlayıb, kredit məbləğlərini müştərilərə tam verməyib, kreditləri ödənişə qəsdən yönəltməyib.
Bankın Şabran filialının sabiq mütəxəssisi Ceyran Orucovanın isə müştərilərin şəxsiyyətini təsdiq edən sənədləri müvafiq qaydada yoxlamadan 295 rayon sakininə 305 ədəd ödəniş kartı hazırlatdığı, bankın Biləsuvar filialının sabiq baş xəzinədarı Nəriman Cəfərovun və əməliyyatçısı Pərviz Əzizovun isə qabaqcadan əlbir olaraq vəfat etmiş rayon sakininin adına olan plastik kartdan pul vəsaitlərini məxaric etmələri yolu ilə vətəndaşların və bankın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurduqları üzə çıxıb. Bununla əlaqədar Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açılıb.