“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) İdarə Heyətinin (İH) qərarına əsasən, bu il aprelin 21-dən etibarən faizlərin ödənilməsi müddətinin sonunda nəzərdə tutulan əmanətlər ləğv edilib. Bu barədə fins.az ABB-yə istinadən xəbər verir. Məlumata görə, yeni qərar “Uşaq” əmanəti və 12 ay müddətinə yerləşdirilən digər əmanətlərə aid deyil.
Bundan başqa, İH-nin qərarı ilə Rusiya rublu valyutasında depozitlər (əmanətlər), “Qızıl depozit” və “Avans” əmanət növləri ləğv edilib, 100 min manat (və ya digər valyutada onun ekvivalenti) və yuxarı məbləğdə hər bir depozit əqdi üzrə yerləşdirilən əmanətlərə müəyyən olunmuş faiz dərəcəsinə 0.5 faizin əlavə edilməsi qüvvədən düşüb.
ABB bəyan edir ki, 21.04.2015-ci il tarixindən əvvəl bağlanmış, faizlərin ödənilməsi müddətin sonunda nəzərdə əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir. Həmçinin 21.04.2015-ci il tarixindən əvvəl bağlanmış “Qızıl depozit”, “Avans” və rusiya rublunda əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.
Əmanət müqaviləsi müddəti başa çatmamış əmanətçi tərəfindən ləğv edilərsə, əmanət üzrə hesablanmış faizlər ödənilmir. Əvvəl hesablanmış və əmanətçi tərəfindən artıq alınmış faizlər əmanətin ümumi məbləğindən çıxılır.
Əgər müddət başa çatdıqdan sonra əmanətin məbləği əmanətçi tərəfindən tələb olunmayıbsa, müqavilə eyni müddətə uzadılmış hesab olunur, o şərtlə ki, Bank müqavilənin müddətinin uzadılmasına razı olsun. Bank müqavilənin müddətinin uzadılmasına razı olmadıqda əmanətçinin əmanəti ona əvvəlcədən rəsmi xəbər verməklə geri qaytarılır.