“Kapital Bank” Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra məzənnə fərqi nəticəsində yaranmış bankın kart sahiblərinin zərərlərini kompensasiya edib. Bu barədə fins.az banka istinadən xəbər verir. Məlumata görə, “Kapital Bank”ın İdarə Heyətinin 14 aprel 2015-ci il tarixli qərarına əsasən 1 062 nəfər müştərinin fevralın 21-də manatın ucuzlaşması ilə əlaqədar yaranmış itkisi bankın xərci hesabına bərpa edilib.
Bəyanatda qeyd olunur ki, Beynəlxalq Ödəniş Sistemlərinin qaydalarına əsasən kartla aparılan tranzaksiyalar 2 hissədən ibarətdir – avtorizasiya və silinmə. Avtorizasiya (əməliyyatın dərhal təsdiqi) əməliyyat aparılan zaman həyata keçir, həmin anda vəsait müştərinin hesabından silinmir, yalnız cari günün (əməliyyat aparıldığı gün) məzənnəsi ilə hesablanıb bloka salınır (dondurulur). Silinmə isə adətən 2-5 iş günündən sonra həyata keçirilir və bu zaman vəsait müştərinin hesabından cari günün məzənnəsi ilə silinib Beynəlxalq Ödəniş Sistemlərinə köçürülür. Qeyd olunan müddət ərzində məzənnə fərqləri ilə bağlı yarana biləcək əlavə xərclər isə (texniki overdraft) müştəri tərəfindən ödənilməlidir. Bu hal bankın müştərilərlə imzaladığı “Ödəniş kartlarının verilməsi və istifadə edilməsinə dair Müqavilə”də də əks olunub (15-ci bənd). Qeyd olunan hal yalnız əməliyyatın valyutası ilə hesab valyutası eyni olmadıqda müşahidə oluna bilər (Nümunə: müştərinin kart hesabı manatladır, əməliyyat isə ABŞ dolları ilə aparılıb).
Bank, fevralın 21-də manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar müştərilərin həssaslığını nəzərə alaraq, həmçinin müştərilərinin məmnunluğunu artırmaq üçün müstəsna hal kimi 1 062 nəfər kart müştərisinin texniki overdraft zamanı məzənnə fərqindən yaranmış zərərini öz hesabına bərpa etməyi qərara alıb.
Bununla bağlı bankın müvafiq struktur bölmələri tərəfindən aparılan proseslər başa çatdırılıb və müvafiq vəsaitlər kart sahiblərinin hesablarına köçürülüb.