AB və Böyük Britaniya bir neçə aydır davam edən danışıqlardan sonra yeni “Brexit” sazişi ilə bağlı razılığa gəlib. Son anda, AB sammitinə bir neçə saat qalmış kompromis əldə etmək mümkün olub. Ötən gün AB liderləri Londonun Birliyi tərk etməsi ilə bağlı yenilənmiş sazişə razılıq veriblər. Bu barədə “DW” portalı yazır.
Şimali İrlandiyanın Birləşmiş Krallığın bir hissəsi kimi Böyük Britaniya ilə birlikdə AB tərkibindən çıxmalı olması əsas mübahisə mövzusu idi. Bu zaman İrlandiya AB üzvü olaraq qalacaqdı. Belə olduğu təqdirdə, “Brexit” İrlandiya adasında gömrük və sərhəd nəzarəti ilə “sərt” sərhəd yaradacaqdı, bu da İrlandiyada bütün sülh prosesini təhlükəyə atacaqdı. Hazırda tərəflər AB-ni danışıqlarda təmsil edən Mişel Barnyenin (Michel Barnier) “çevrə kvadraturası” kimi təsvir etdiyi yeni həll yolu tapıblar: İrlandiya adasında heç bir yoxlanış keçirilməyəcək, Şimali İrlansiya isə Böyük Britaniyanın gömrük ərazisinin tərkibində qalacaq. Bunun üçün Şimali İrlandiyada vahid AB bazarının “məhdud” qaydalar toplusu fəaliyyət göstərməyə davam edəcək. Söhbət, xüsusən, sanitar qaydaları və veterinat nəzarəti, əlavə dəyər vergisi və şirkətlərə dövlət dəstəyi qaydalarından gedir. Həmin qaydaların Şimali İrlandiyada tətbiqindən Böyük Britaniya məmurları məsuliyyət daşıyacaq.
Gömrük rüsumlarına gəldikdə, Barnye qeyd edib ki, üçüncü ölkələrdən Şimali İrlandiyaya məhsul idxalı zamanı onların vahid AB bazarına düşə biləcəyinə dair risk olmasa, Birləşmiş Krallıq Britaniya rüsumları, əks halda AB rüsumları toplayacaq.
Almaniya kansleri Angela Merkel (Angela Merkel) dəqiqləşdirib ki, AB rəsmiləri Şimali İrlandiyaya məhsul idxalında həmişə iştirak edə biləcək. Öz növbəsində İrlandiyanın baş naziri Leo Varadkar (Leo Eric Varadkar) ölkəsi ilə Şimali İrlandiya arasında ticarət zamanı rüsumların alınmayacağını vurğulayıb.
Bu sxem keçid dövrü başa çatdıqdan sonra işə düşəcək. Hələlik keçid dövrü 2020-ci ilin sonunadək nəzərdə tutulub, lakin onu uzada bilərlər. Ardınca razılaşdırılmış mexanizmin dörd illik fəaliyyət müddəti başlayacaq. Bu müddət başa çatdıqdan sonra Şimali İrlandiya parlamenti, ya da Assambleya sadə səsvermə yolu ilə AB qaydalarının ölkədə tətbiqinin davam etdirilib etdirilməsinə qərar verəcək.
Dəyişikliklər “Brexit” sazişinə iki bənd əlavə edib: İrlandiya və Şimali İrlandiya haqqında protokol, həmçinin siyasi deklarasiya. Məsələ ondadır ki, mətni Avropa Komissiyası və Londondan olan nümayəndələrdən başqa heç kim görməyib. Yüksəkvəzifəli AB rəsmisi anonimlik şərti daxilində ehtimal edib ki, prezident və ya baş nazirlərdən kimsə hökumət ekspertlərinin mətni öyrənməsi üçün daha çox vaxt istəyə bilər. Ümumilikdə iki sənəd 90 səhifədən çoxdur.
İcmalar Palatası yeni sazişi dəstəkləməsə nə olacaq? Çoxsaylı suallara baxmayaraq, sammit iştirakçıları bu mövzu ilə bağlı spekulyasiyalardan çəkinib. Təkcə Avropa Şurasının başçısı Donald Tusk (Donald Tusk) bildirib ki, London növbəti möhlət üçün müraciət etsə, gələcək addımlarla bağlı AB liderləri ilə məsləhətləşəcək.