Azərbaycanın bugünü və gələcəyi üçün böyük önəm daşıyan “Əsrin müqaviləsi” iyirmi beş il əvvəl qarşıya çıxan siyasi və iqtisadi çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində imzalanıb. Bununla da ölkəmizin iqtisadi inkişafının təməli qoyulub. Həmin vaxtdan ötən 25 il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi çərçivəsində 488 milyon ton (3,6 milyard barreldən artıq) neft hasil edilib. Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3,3 milyard barrel AÇG nefti dünya bazarına göndərilib.
Bu gün inamla həyata keçirilən Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və analoqu olmayan iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib. Artıq dünya birliyinə inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu təşkilatların rəyləri nəzərə alınmaqla qloballaşma dövrünün tələbləri səviyyəsində qurulmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır.
Artıq respublikamız inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Müasir Azərbaycan iqtisadiyyatı MDB məkanında ən sürətli və dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Ölkəmizdə əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çoxşaxəli islahatlar həyata keçirilməkdədir. Son dövrlər respublikamızın sosial-iqtisadi, mədəni və digər sahələrdə əldə etdiyi uğurlar da, məhz düşünülmüş fəaliyyətin məntiqi nəticəsidir.
Ümumiyyətlə, əldə edilən nailiyyətlər deməyə əsas verir ki, ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək və bunun üçün zəngin potensial imkanlar mövcuddur. Son illər ərzində bu potensial daha da güclənib ki, burda da “Əsrin müqaviləsi”nin xüsusi rolu var.
Qeydlərimin sonunda Prezident İlham Əliyevin “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə söylədiyi nitqindən bir fikri xatırlatmaq məqsədəuyğun olardı: “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var”.
Mirəli ALOSMANOV, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru