Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ölkədə aparılan iqtisadi islahatların əsas istiqaməti kimi fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə, dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının, əlverişli biznes mühitinin inkişaf etdirilməsi qarşıya prioritet vəzifələr kimi qoyulub. Ötən illər ərzində həmin istiqamətlərdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb.
Bütün bunlarla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) adıçəkilən strateji yol xəritəsinin cari ildə icra vəziyyətinə dair keçirilən müzakirələr zamanı ətraflı danışılıb, eyni zamanda, bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektorunun artım tempi 3 faiz, qeyri-neft sektoru üzrə ixrac 17 faiz və qeyri-neft sənayesi 15,8 faiz artdığı halda, inflyasiya cəmi 2,7 faiz təşkil edib və manatın sabitliyi qorunub.
V.Qasımlının sözlərinə görə, tədiyə və icmal büdcənin balanslarında müsbət saldonun olması makroiqtisadi sabitlik üçün əsasdır və inqilabi sosial paketin həyata keçirilməsinə zəmin yaradır: “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq biznes mühitinin əlverişliliyinin artırılmasının səbəbidir ki, dünyada və regionda sərmayə həcmi azaldığı halda, Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektoru üzrə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb. Eyni zamanda, fiskal dayanıqlılığın artırılması üçün büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, icmal büdcənin yuxarı həddi və borc strategiyası qəbul edilib. Nəticədə dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 milyon manat və ya 4,3 faiz azalsa da, qeyrineft sahələrindən gəlirlər 841,1 milyon manat və ya 20,6 faiz artıb”.
Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatımızda 2017-ci ildə sabitləşdirmə, 2018-ci ildə canlanma və 2019-cu ildə yüksək artım tempi təmin olunub. Strateji yol xəritələrində qarşıya qoyulan əsas icra göstəricisi – ÜDM-in 3 faizdən artıq həddə artımı təmin edilib, postneft dövründə iqtisadiyyatın yeni artım nöqtələri müəyyənləşdirilib, dünyada 25- ci ən əlverişli biznes mühiti yaradılıb və milli iqtisadiyyat yenidən davamlı inkişaf relslərinin üzərinə qoyulub.
“Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin icrası nəticəsində büdcə qaydaları (“qızıl qayda”), ortamüddətli xərclər çərçivəsi, dövlət borcu üzrə strategiya, pul proqramı, vergi və gömrük islahatları, özəlləşdirmə gündəliyi, Məşğulluq Strategiyası, işsizlikdən sığorta sistemi və icbari tibbi sığortanın pilot tətbiqi kimi layihələr gerçəkləşdirilib.
Biznes islahatları satınalma, elektron məhkəmə, elektrik enerjisinə qoşulma, tikinti icazələri, əmlakın qeydiyyatı, daşınar əmlakın yüklülüyü, elektron qaimə, “Yaşıl dəhliz” və “onlayn” ixrac ərizəsi kimi sahələri əhatə edib. Azexport.az və Rəqəmsal ticarət qovşağı platformaları yaradılıb, ticarət nümayəndəlikləri, ixrac missiyaları və ticarət evlərinin fəaliyyəti gücləndirilib.
Adekvat iqtisadi gözləntilərin formalaşdırılması, qabaqcıl korporativ idarəetmə standartlarının təsdiqi, banklararası pul bazarının təşviqi, marketmeyker institutu, nağdsız ödənişlərin təşviqi, kapital bazarının inkişafı, prioritet sektorlarda özəlləşdirilmə, “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçid isə milli iqtisadiyyat perspektivi üzrə 2019-2020-ci illərdə icrası gözlənilən əsas tədbirlər sırasına daxildir.
“Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” çərçivəsində aqrar sahədə ali təhsilin inkişafı, o cümlədən məzunların işlə təminatına müvafiq köməkliyin göstərilməsi, “ikili diplom” proqramlarının tətbiqi, paytaxt və regionlarda müasir standartlara uyğun ət kəsimi məntəqələri şəbəkəsinin qurulması, meyvə, tərəvəz, kartof və bostan məhsullarının saxlanılması üçün, eləcə də taxılçılıq regionlarında kiçik və orta həcmli soyuducu anbarların yaradılması, yükdaşıma xidmətlərinin inkişaf etdirilməsi, “Made in Azerbaijan” brendinin beynəlxalq aləmdə tanıdılması məqsədilə nəzərdə tutulan ölkələrə ixrac missiyalarının reallaşdırılması istiqamətlərində işlər görülüb.
“İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “tax free”, “e-viza”, Azərbaycan Turizm Bürosu, ölkənin brendi, loqosu və sloqanı, turizmin marketinq strategiyası, turizm sərgilərində turoperatorların iştirakı, xaricdə Azərbaycan Turizm Agentliyinin nümayəndəliklərinin yaradılması, Bakıda ilk dəfə ticarət festivalı və turizm təqvimi kimi tədbirlər həyata keçirilib.
“Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, “Lisenziyalar və icazələr” portalı və İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Həmçinin qanunvericiliyin təsiri analizinin tətbiqi, dövlət satınalmalarında kiçik və orta biznes subyektlərinin minimum iştirak payı, yoxlamaların 2021-ci ilədək dayandırılması və sənaye klasterlərinin rezidentlərinə verilən güzəşt və imtiyazlar kimi tədbirlər reallaşdırılıb.
“Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində yerli bazarda ehtiyaclara uyğun yeni təhsil proqramları (kurikulumlar) hazırlanıb, bir sıra peşə təhsili müəssisələrində proqramların pilot olaraq tətbiqinə başlanılıb. Habelə milli kontent, alüminiuma tələbatın yerli xammal və istehsal gücləri hesabına qarşılanması, Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodu və polad boru istehsalı sahəsində fəaliyyətlər həyata keçirilib. Təkcə onu qeyd etmək olar ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən “SOCAR Polymer” zavodunun tam istehsalat gücünə çatması ilə ölkənin qeyrineft sektorunun ixrac gəlirlərinin 15 faiz artacağı gözlənilir.
“Logistika və ticarət üzrə Strateji Yol Xəritəsi” çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu, Astara-Astara dəmir yolu və Abşeron Logistika Mərkəzinin açılışı olub. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ildə 229,9 milyon ton yük, 2 milyard sərnişin daşınıb və hər biri üzrə daşınma 2017-ci illə müqayisədə 1,5 faiz artıb. Yüklərin 64,9 faizi avtomobil, 25,4 faizi boru kəməri, 6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi isə 25141,6 min ton, yük dövriyyəsi isə 5301 milyon ton-kilometr olub. Yüklərin 16330,4 min tonu və ya 65 faizi avtomobil nəqliyyatı, 6265,2 min tonu və ya 24,9 faizi dəmir yolu nəqliyyatı, 2546 min tonu və ya 10,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.
“Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində bank sektorunun hərtərəfli diaqnostikası aparılıb və problemli bankların restrukturizasiyası üzrə institusional və hüquqi mexanizmlər yaradılıb. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanı təsdiq edilib. Sığorta bazarının cari vəziyyətinin diaqnostikası reallaşdırılıb. “Nağdsız hesablaşmalar haqqında” Qanun qəbul edilıb və investorların maliyyə bazarlarına çıxış imkanlarının artırılması istiqamətində fərdi və institusional investorlar üçün stimullar differensiallaşdırılıb. “Azərbaycan Kredit Bürosu” yaradılıb, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) və özəl kredit büroları arasında məlumat mübadiləsi təşkil edilib. Daşınar əmlakın yüklülüyünə dair qanunvericilik təkmilləşdirilib və daşınar əmlakın yüklülüyü reyestri yaradılıb.
“Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “2018–2020- ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib, rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işi aparılıb. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilib, “Elektron hökumət” portalındakı xidmətlərə “ASAN xidmət” standartlarının tətbiqi təmin olunub və elektron xidmət provayderləri (təminatçıları) üçün texniki, texnoloji və hüquqi tələblər müəyyən edilib.