30 Oktyabr

"Libra" həqiqətən dolları əvəz edəcək ?

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” rəqəmsal valyutası üzərində işlərə başladığını elan etdi. “Libra” adlanan bu kriptovalyuta İsveçrə fondu tərəfindən işlənib hazırlanan şirkətin blokçeynində fəaliyyət göstərəcək. “Facebook” və onun “Whatsapp”, “Instagram” kimi xidmətlərinin nəhəng auditoriyasını eynizamnadabubarədə müxtəlif açıqlamaları nəzərə alsaq, “libra” dolları əvəzləyə biləcək.

Dünya tədricən rəqəmsal valyutaya keçir. Ehtimal olunur ki, təxminən iyirmi ildən sonra daha banklara ehtiyac qalmayacaq, pulu isə rəqəmsal şəkildə telefon və ya fleşkada saxlamaq olacaq. Məhz buna görə də “Bitcoin”-nin populyarlığını qoruyub saxlaya bilir. “Facebook” şəbəkəsinin yaradıcısı Mark Zukerberq uzunmüddətli perspektivdə bütün dünyadan dolları alıb, rəqəmsal valyutaya çevirmək istəyir. Kriptovalyutanın arxasında real valyuta – “Libra Reserve” adlı xüsusi fondda saxlanılacaq dollar, avro, iyen, funt sterlinq dayanacaq. Növbəti 18 ayda “libra” “Facebook”-un ekosisteminə quraşdırılacaq və onun özünün “Calibra” adlı pul kisəsi olacaq. “Facebook”, “Instagram” və “Whatsapp”-ın ümumi auditoriyası 2,4 milyard nəfərdir.

Aydındır ki, bu cür kriptovalyuta ortamüddətli perspektivdə də bütün rəqəmsal valyuta bazarını dəyişə bilər. Əlbəttə ki, burada məzənnə və imkan amili böyük rol oynayır. Hal-hazırda “libra” elə də populyar deyil. “Libra” dəyər qazanmağa başlasa, bu, yalnız böyük auditoriyanın hesabına baş verəcək.

“Libra” və “bitcoin”-i müqayisə etmədən öncə “rəqəmsal qızıl”ın iş mexanizminə aydınlıq gətirmək lazımdır. “Bitcoin”-in əsasını blokçeyn, ya da kriptoqrafik şifrələmə ilə konsensusda paylayıcı reyestr dayanır. Blokçeyn texnologiyasının işlək vəziyyətdə olması və asanlıqla hücuma məruz qalmaması üçün bütün dünyada yüz minlərlə mexanizm bir saniyədə böyük rəqəmləri bir-birinə vuraraq müəyyən kombinasiya əldə edir. Kombinasiyalar tapılan kimi blok yazılır. Həmin blokda növbə gözləyən bütün tranzaksiyalar toplanır.

“Libra”-nı da “sındırmaq” sıradan çıxarmaq yaxud hansısa əməliyyat sistemi ilə ələ keçirmək demək olar ki, mümkün deyil.“Libra”-nın təhlükəsizliyinə çoxlu elektrik enerjisi sərf etməyə ehtiyac olmayacaq, tranzaksiyalar isə dərhal həyata keçiriləcək və ucuz başa gələcək. Ümumiyyətlə, komissiya xərci olmaya bilər. Ən əsası isə odur ki, “Libra” şəbəkəsi təkcə kapital dövriyyəsiüçün deyil, eyni zamanda rəqəmsal proqramların, sayt və elektron kommersiya xidmətlərinin yaradılması üçün açıq olacaq. 2,4 milyard istifadəçinin qarşısında ecazkar yeni aləm açılacaq. Məhz buna görə “Libra”-nın “bitcoin”-in məzənnəsini üstələyəcəyi proqnozlaşdırılır. Çünki onun haqda daha çox insan xəbər tutacaq.

Uzunmüddətli perspektivdə bütün valyuta mübadilə sənayesi dəyişə bilər. Əslində, “Facebook” özünü emissiya və pul vəsaitinin dövriyyəsini tənzimləyən yeni mərkəzi bank elan edəcək. Bəs bu, Amerika Mərkəzi Bankının xoşuna gələcək? Əlbəttə, yox. Artıq indidən əngəllər törətməyə başlayıblar. “SP” reytinq agentliyinin təqdim etdiyi hesabatda deyilir ki, “Facebook” yeni dollar deyil, növbəti ödəniş sistemi yaradır, yəni onlar hələ qorxmurlar. Lakin hamı Mark Zukerberqin necə ambisiyalı bir insan olduğunu bilir.

“Libra” neçəyə olacaq? Bu sual çoxlarını narahat edir. Əgər bu kriptovalyutanı “Facebook” kimi bir nəhəng yaradırsa, onda onu əldə etmək istəyənlər də çox olacaq. Bu da öz növbəsində rəqəmsal valyutanın qiymətini qaldıracaq. Çox güman, belə bir hal yaşanmayacaq. “Libra”-nın məzənnəsi həqiqətən heç nədən asılı olmayacaq. Bu kriptovalyuta dolların rəqəmsal “analoqu” deyil. Ancaq stabil olacaq, çünki real aktivlərlə əlaqəli olacaq və diqqətlə nəzarətdə saxlanılacaq.

Müsbət cəhətlərdən onu qeyd etmək olar ki, kriptovalyuta gələcəkdir, rahatlıqdır. “Facebook” böyük auditoriya üçün yeni kriptovalyuta aləminə yol açacaq. Mənfi cəhətlərdən: bu “Facebook”-dur. Şirkət istifadəçilərinin inamını itirib, kriptovalyuta həvəskarlarının etimadına isə çətin ki, layiq olsun, çünki bu, heç nəyə baxmayaraq, axırıncı sözün Mark Zukerberqdə olduğu son dərəcə mərkəziləşdirilmiş sistemdir.

Müəllif:Aynur Qəniyeva