30 Oktyabr

Keyfiyyətli qida təminatı prioritet istiqamətdir

Son illərdə respublikada qida təhlükəsizliyinə nəzarətin mərkəzləşdirilmiş şəkildə aparılmasına imkan yaradan bir sıra mühüm addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib. Eyni zamanda, bu sahədə şəffaflığı artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan müvafiq tədbirləri reallaşdırmaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bundan əlavə Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamnaməsi və strukturu təsdiqlənən Qida Təhlükəsizliyi İnstitutu təsis olunub. Bu elmi-tədqiqat müəssisəsinin qarşısında qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparılması, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat xidmətləri göstərilməsi, qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması və maarifləndirilməsi kimi mühüm vəzifələr qoyulub.

Prezident İlham Əliyevin ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin, eyni zamanda, şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 29 aprel 2019-cu il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda isə qida məhsullarının təhlükəsizliyinə və minimum keyfiyyət göstəricilərinə dair tələblərin normalaşdırılması, məhsulların sertifikatlaşdırılmasının təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən subyektlərin qeydiyyata alınması və dövlət reyestrinin aparılması, qida təhlükəsizliyinin təmin edilməsində təsərrüfat subyektlərinin rolunun və məsuliyyətinin artırılması kimi vəzifələrin reallaşdırılması nəzərdə tutulub.

Sözügedən dövlət proqramının mühüm önəm daşımasını təsəvvür etmək üçün, ilk növbədə, qida təhlükəsizliyi sahəsindəki mövcud qlobal meyillərə diqqət yetirmək istərdik. Xatırladaq ki, adıçəkilən dövlət proqramında bu barədə ətraflı məlumat verilir. Bildirilir ki, hazırda dünyada qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölür ki, bunun da 125 mini və ya 30 faizi beş yaşınadək uşaqlardır.

Beləliklə, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət daşıyan mühüm bir sahədir.

O da qeyd edilməlidir ki, son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha əlçatan və rəqabətədavamlı olması, ölkəyə xarici valyuta axınının artması kimi faydalar verməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır. Bundan əlavə, qida mənşəli patogenlərin mikrob əleyhinə preparatlara qarşı müqavimətinin artması, qida təchizatında yeni müəyyənləşdirilən mikroorqanizmlərin və kimyəvi maddələrin təhlükə yaratması, eləcə də dünya əhalisinin qidalanma vərdişlərinin dəyişməsi kimi məsələlər müşahidə olunur.

Qeyd olunan səbəblər dünyada qida təhlükəsizliyini xüsusi əhəmiyyətli məsələyə çevirib və bu sahədə müvafiq qurumlar yaradılıb. Belə ki, qida məhsulları istehlakçılarını bütün mövcud və potensial risklər barədə obyektiv, müstəqil və elmi cəhətdən əsaslandırılmış şəkildə məlumatlandırmaq məqsədilə 2002-ci ildə Avropa İttifaqında qida təhlükəsizliyi ilə əlaqədar risklərin qiymətləndirilməsini reallaşdıran əsas qurum - Avropa Qida Təhlükəsizliyi Təşkilatı təsis edilib.

Azərbaycanda isə qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar mövcud normativ hüquqi aktların və maddi-texniki bazanın təkmilləşdirilməsinə, nəzərəçarpan nailiyyətlər əldə olunmasına geniş imkanlar yaradıb.

Xatırladaq ki, indiyədək ölkəmizdə ərzaq təminatı ilə əlaqədar 2001–2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib, həmçinin bu islahatların davamı olaraq məqsədli proqramlar, konsepsiyalar və digər sənədlər qəbul olunub.

Azərbaycanın ərzaq təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sayəsində 2018-ci ildə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,7 faiz, yumurta üzrə 101,5 faiz, süd və süd məhsulları üzrə 86,7 faiz, balıq və balıq məhsulları üzrə 87,8 faiz, kartof üzrə 92,5 faiz, tərəvəz üzrə 113,8 faiz, bostan məhsulları üzrə 99,7 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, şəkər üzrə 81,2 faiz, un üzrə 95,9 faiz, meyvə və tərəvəz konservləri üzrə 91,7 faiz, kərə yağı üzrə 71,1 faiz, marqarin üzrə 98,8 faiz, duz üzrə 103,1 faiz təşkil edib. Yeri gəlmişkən, qida təhlükəsizliyi ilə bağlı vahid səlahiyyətli qurum yaradılanadək ölkədə qida təhlükəsizliyi müxtəlif dövlət orqanları və qurumları tərəfindən məhsulların dövlət gigiyena qeydiyyatına alınması, gigiyenik sertifikatın verilməsi, milli standartlara uyğunluğun təsdiqlənməsi üçün sertifikatlaşdırmanın aparılması, habelə risklərə əsaslanmayan dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi yolu ilə təmin edilirdi. Qida təhlükəsizliyinin təmin olunması baxımından yekun məhsulun sertifikatlaşması tələb edilirdi və dövlət nəzarəti zamanı sertifikatın mövcudluğuna diqqət yetirilirdi, nəzarət tədbirləri risklərə əsaslanmırdı, milli standartların əksəriyyəti müasir və beynəlxalq tələblərə cavab vermirdi. Ona görə də bu istiqamətdə əlavə tədbirlərin görülməsinə ehtiyac duyulurdu. Bununla yanaşı, qida təhlükəsizliyinə nəzarət və dövlət tənzimləməsi sahəsində paralellik və təkrarçılıq hallarına da rast gəlinirdi.

Yeni qəbul olunan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” isə əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının, habelə rəqabət qabiliyyətinin artırılmasına, inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmağı nəzərdə tutur.

Dövlət proqramının əsas məqsədləri barədə danışarkən isə əvvəlcə onu qeyd etməliyik ki, sənəddə qida təhlükəsizliyi sahəsində standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azaldılması istiqamətində müvafiq tədbirlər görməklə, onların rəqabətqabiliyyətliliyinin, xarici bazarlara ixrac potensialının artırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Proqramda kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması da prioritet istiqamətlər sırasında yer alıb.

Proqramda qida subyektlərinin fəaliyyətinin qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə uyğunluğunun sahibkarlarla əməkdaşlıq şəraitində təmin edilməsi, bu sahədə ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi xüsusi vurğulanır, eyni zamanda, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli biznes mühitinin formalaşdırılmasına dəstək göstərilməsi diqqət mərkəzində saxlanılır. Sonda qeyd edək ki, dövlət proqramının həyata keçirilməsi ilə bağlı planlaşdırılan bütün icra tədbirləri müvafiq prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Məsələn, sənəddə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı milli normativ hüquqi bazanın təkmilləşdirilməsi, qida təhlükəsizliyinın təmini istiqamətində infrastrukturun yaxşılaşdırılması, bu sahədə elmi təminatın və kadr potensialının gücləndirilməsi sahəsində 2025-ci ilə qədər konkret qurumlar tərəfindən reallaşdırılacaq tədbirlər göstərilib.

Qarşıdakı yeddi il ərzində qida təhlükəsizliyi sahəsində elmi sübutlara əsaslanan, beynəlxalq tələblərə cavab verən risklərin təhlili sisteminin formalaşdırılması, müasir standartlara uyğun qeydiyyat, təsdiq və sertifikatlaşdırma sisteminin qurulması, habelə “bir pəncərə” prinsipinin tətbiqi kimi məsələlərin gerçəkləşdirilməsi də nəzərdə tutulub.