30 Oktyabr

Bank sektorunun "budanma"sı bitdimi?

Ötən il bank sektorunda baş verən hadisələri dərin böhran kimi qiymətləndirmək daha düzgün olar. Maliyyə Bazarlarına Nəzarət Palatasının sağlamlaşdırmaya cavabdeh nəzarət orqanı kimi fəaliyyətə başlaması maliyyə sektorundakı çürümüş budaqların kəsilməsinə bənzədi. Lakin sektorun tam dayanıqlı vəziyyətə gəldiyini demək mümkün deyil.

“Bank sektorunda problemlər davam edir”

Millət vəkili Vahid Əhmədov fins.az-a bildirib ki, bank sektoru ilə əlaqədar ciddi problemlər hələlik yaşanmaqda davam edir. Hətta xatırlayırsınızsa, prezident İlham Əliyev 2016-cı iqtisadiyyata ən böyük zərəri bank sektoru vurdu:”Doğurdan da, bank sektorunda müəyyən özbaşınalıqlar, müəyyən hadisələr baş verdi ki, bu ölkə iqtisadiyyatına mənfi təsir göstərdi”.

Onun sözlərinə görə, bank sistemi 2016-cı ildə faktiki olaraq zərərlə işlədi: ”Maliyyə Bazarlarına Nəzarət Palatası diaqnostika apardı, müəyyən tövsiyələr verdi, müəyyən addımlar atdı. Bu yaxınlarda hətta kredit ittifaqları ilə əlaqədar bəzi təşkilatlar bağlandı”.

Bankların zərərləri 1 milyarddan çox olub

V.Əhmodov bildirib ki, 2014-2015-ci illərdə banklar 3-5 % gəlir götürürsələr də,ötən il bank sektorunun zərərləri 1 milyarddan manatdan çox olub.

Millət vəkili deyib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən önəmli məsələ bank sisteminin sağlamlaşdırılmasıdır. Söhbət bankların bağlanmasından deyil, birləşməsi, təmərküzləşmə prosesindən gedir.Bununla belə, banklar birləşdirilməsi çox çətin prosesdir:”Çünki hər bankın özünün sahibi var və sahiblər heç vaxt buna getməkdə maraqlı olmurlar və bankı bağlamağa üstünlük verirlər”. Banklar arasında birləşmə olduğu halda isə sektorda iri kapitallar yaranır. İri kapitallar olanda faizlər də aşağı olur və banklar da normal şəkildə fəaliyyət göstərə bilirlər.

“Ölkə 20 bank qalacaq”

V.Əhmədov ümumilikdə hesab edir ki, bu gün Azərbaycanda 32 bank çoxdur. Bankların birləşməsi və ya bağlanması o vaxta qədər davam edəcək ki, ölkədə 20-yə yaxın bank qalacaq:” Bu proses 1 il də davam edə bilər, 2 il də”.