30 Oktyabr

Sığorta ödənişində vergi kimlərə şamil ediləcək? – ARAŞDIRMA

Bu il yanvar ayının1-dən etibarən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən həm sığorta haqqlarının qəbulu, həm də sığorta ödənişləri nağdsız şəkildə həyata keçirilməlidir. Fins.az-ın məlumatına görə, qayda həm könüllü, həm də icbari sığorta növlərinə aid edilib. Bəs, yenilik sığorta bazarına necə təsir edəcək?

“Əvvəlcə banklar sağlamlaşdırılmalı idi...”

Sığorta eksperti Xəyal Məmmədxanlı fins.az-a bildirib ki, əhalinin 50%-dən çoxu bank əməliyyatlarından istifadə etmir. Bu da son dövrlər bank sektoruna inamın sarsılması ilə bağlıdır. Ona görə də bank sektoru sağlamlaşdırılandan sonra nağdsız ödənişlərə keçilməsi prosesinə başlanılması daha məqsədəuyğun olardı.

“Hesab açılması və nağdlaşdırma xərcləri sığortalının üzərinə düşməməlidir”

Ekspert əlavə edib ki, bankda hesabı olan müştərilər üçün sığorta ödəmələrinin nağdsız aparılması heç bir problem yaratmayacaq. Sığorta haqqını öz hesabından elektron qaydada ödəyə biləcək və yaxud sığorta ödənişi müştərinin bank hesabına ötürüləcək. Bununla yanaşı, sığorta haqqlarının ödənilməsi üçün və ya ödənişin verilməsi üçün bankda hesab açmaq və nağdlaşdırmaya görə xərclər heç bir halda sığortalı müştərinin üzərinə düşməməlidir.

“Birdən-birə böyük cərimələr qoymaq düzgün addım deyil”

X.Məmmədxanlı birdən-birə sığorta şirkətlərinin üzərinə böyük cərimələrin qoyulmasının da əleyhinə olduğunu deyib. Belə ki, nağd şəkildə sığorta haqqlarının qəbulu və ödənişlərə görə sığorta şirkətləri əvvəlcə məbləğin 10 %-i, növbəti dəfə 20%-i, daha sonra isə 40%-i həcmində cərimələnə bilər. Ekspert bildirib ki, sığorta şirkətlərinə nağdsız ödənişlərə keçidlə bağlı müəyyən qədər vaxt verilməli idi. İndiki halda isə bu addım sığorta şirkətlərinin işinə mənfi təsir göstərəcək.

“Yenilik sığorta ödənişlərində gecikmələrə səbəb ola bilər”

Bununla yanaşı, sığorta ödənişlərinin nağdsız verilməsi müəyyən çətinliklər yarada bilər. Belə ki, adi qaydada sığorta ödənişinin verilməsi üçün araşdırma və sənədləşmə işləri müəyyən qədər vaxt aparırdı. Yenilik sığorta müştərilərini əlavə get-gələ salacaq və vaxt itkisinə səbəb olacaq. Bu, ümumilikdə sığorta sahəsində müştəri narazılığını artıracaq.

“Rəvan Sığorta”: “Sığorta ödənişinin verilməsi asanlaşacaq”

“Rəvan Sığorta” şirkətinin idarə heyətinin sədri Fərhad Aslanov isə nağdsız hesablaşmaların sığorta şirkətləri hər hansı problem yaratmayacağanı deyib. Onun sözlərinə görə, sığorta şirkətlərinin bir deyil, bir neçə bankda hesabları var. Bu da işi asanlaşdırır. Yəni, müştəri ona daha yaxın ərazidə yerləşən banka yaxınlaşaraq hesab aça biləcək. Sığorta ödənişlərinin verilməsinə gəlincə, bu zaman müştərilərin işi daha da asanlaşacaq: “Artıq ödəniş üçün sığorta şirkətinə gəlməyə məcbur olmayacaq. Sığorta ödənişinin veriləcəyi dəqiqləşdikdən sonra vəsait müştərinin bank hesabına dərhal köçürüləcək”.

“Sığorta şirkətinə bunun üçün vaxt verilməli idi”

“Profam Sığorta” agentliyinin rəhbəri Mustafa Abbasbəyli ümumilikdə nağdsız hesablaşmaların sığortaya tətbiqini müsbət qiymətləndirsə də, sığorta şirkətlərinin buna hazır olmadığını qeyd edib. Onun sözlərinə görə, sığorta haqqlarının və ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi sığorta sektorunda tam şəffaflığın yaranmasına səbəb olacaq. Amma sığorta şirkətlərinə bank kartı, proqram təminatı və ya digər vasitələrlə nağdsız ödənişə keçilməsi üçün 1-2 ay vaxt verilsəydi bu daha məqsədəuyğun olardı.

Adi vətəndaşlara verilən sığorta ödənişinə vergi şamil edilməyəcək

Sığorta ödənişlərindən vergi tutulması məsələsinə gəlincə, M.Abbasbəyli bildirib ki, bu, bütün sığortalılara şamil edilmir. Sığorta ödənişi alan adi vətəndaşlardan vergi tutulmayacaq. Yalnız hüquq şəxslərə, yəni şirkətlərə verilən sığorta ödənişindən 1%-lik nağdlaşdırmaya görə vergi tutulacaq.