30 Oktyabr

“2-3 sığorta şirkəti də bağlanacaq” – ARAŞDIRMA

Ölkədə yaranan iqtisadi durğunluq sığorta bazarına da təsirsiz ötüşməyib. Fins.az-ın məlumatına görə, ötən bir il ərzində 5 sığorta şirkəti ya fəaliyyətini dayandırıb, ya da portfelini başqa şirkətə ötürməklə bazardan çıxıb. Ekspertlər bildirirlər ki, sığorta bazarında demək olar ki, ciddi silkələnmə başa çatıb. Amma dolların bahalaşmaqda davam etməsi sığorta şirkətlərini də gərginlikdə saxlamaqda davam edir. Valyuta dəyişikliyi birbaşa olmasa da sığorta bazarına təsir göstərir. Nəticədə növbəti ildə də sığorta məhsullarının bahalaşması və sığorta şirkətlərinin bağlanması davam edəcək.

Dollara görə dərmanlar və ehtiyat hissələri bahalaşıb

Sığorta eksperti Orxan Məmmədov fins.az-a bildirib ki, sığorta ilə əlaqəli məhsul və mallar ölkəyə əsasən xaricdən gətirilir. Söhbət əsasən, tibbi ləvazimatlar, dərman preparatları, avtomobil ehtiyat hissələri və xaricdən gətirilən tikinti materiallarında gedir. Onun sözlərinə görə, məzənnə dəyişikliyinə uyğun olaraq bu malların da qiymətləri artır. Nəticədə, tibbi və avtomobil sığortası ilə bağlı sığorta şirkətlərinin xərcləri artmaqda davam edir.

Xərclərin artması sığorta məhsullarının da bahalaşdırıb

Digər tərəfdən gəlirləri azalan əhali sığorta xidmətlərinə o qədər də maraq göstərmir. Belə olan halda sığorta satışlarında da azalma müşahidə olunur. O bildirib ki, tibbi xərclərin artması ilə sığorta şirkətləri bu sığorta növünü bahalaşdırıblar. Kasko sığortasında isə tariflər dəyişməsə də, avtomobillərin bazar qiymətinin artması nəticəsində sığorta haqqı da artmış olur. Məsələn, əvvəl 10 min manatlıq avtomobilin kasko sığortası 300 manata başa gəlirdisə, indi eyni avtomobil 15 min manata kimi bahalaşdığı üçün sığorta haqqı da 450 manat olub.

İcbari avtomobil sığortasında xərclər artıb

O.Məmmədov deyir ki, icbari sığorta növlərində tariflər standarddır. Xüsusilə də, avtomobillərin icbari sığortasında ehtiyat hissələrinin bahalaşması fonunda sığorta haqqı dəyişməyib. Bazar üzrə əsas lakomativ olan bu sığorta növündə xərclərin artımı daha çox hiss olunur. Ehtiyat hissələrinin bahalaşması ilə yanaşı, avtomobillərin icbari sığortasının kütləviləşməsi, əhalinin maariflənməsi və ödənişlərlə bağlı müraciətlərin artması bu növ üzrə zərərliliyi artırır.

“Sığortadan “pul qoparmağa” çalışırlar”

Digər tərəfdən sığorta şirkətlərindən ödəniş qoparmaq üçün sığorta dələduzluğu halları artmağa başlayıb. O.Məmmədov deyib ki, əvvəllər sığorta dələduzluğu hallarına az rast gəlinirdi. İndi isə hər 10 müraciətdən 1-2 hadisədə şirkətlər sığorta dələduzluğu hallar ilə qarşılaşır. Məsələn, qəzadan sonra sərxoş sürücü dəyişdirilir, hadisə haqqında gec məlumat verilir və nəticədə sığorta şirkətinin hadisəni araşdırmaq imkanı məhdudlaşır. Və yaxud bir neçə il əvvəl çatlar yaranmış evə görə yağışdan sonra sığorta ödənişi tələb edirlər.

Sığorta şirkətlərinin zərərliyi də artıb

Eksperti Mustafa Abbasbeyli fins.az-a bildirib ki, son statistikaya əsasən sığorta bazarı üzrə yığımlar 15% artdığı halda, ödənişlər 31 % artıb. Bu isə şirkətlərin zərərliliyinin artdığını göstərir. Son bir il ərzində dolların bahalaşması və yaranan iqtisadi durğunluq nəticəsində bir neçə sığorta şirkəti bağlanıb. Yəni, sığorta bazarında ciddi dəyişikliklər yekunlaşıb.

“2-3 sığorta şirkəti də bağlanacaq”

Hazırda bazarda dayanıqlı şirkətlər fəaliyyətlərini davam etdirirlər. Bununla belə, mənfəətliyin azalması ilə bəzi şirkətlərin də bağlanma və ya protfelini satma ehtimalı istinsa deyil. Belə ki, nəzarədedici orqan (Maliyyə Bazarlarına Nəzarət Palatası) hər hesabat dövründə kapital tələbinin yerinə yetirilməsinə diqqət yetirir. Bu tələb yerinə yetirilməyibsə ya lisenziya ləğv edilir, ya da sığorta şirkəti artıq özü fəaliyyətini dayandırır. O bildirib ki, ümumilikdə növbəti ildə də 2-3 sığorta şirkətinin də bağlanacağı gözlənilir.

Sığorta məhsulları gələn il də bahalaşacaq

Ekspertlər bildirirlər ki, sığorta məhsullarının bahalaşması növbəti ildə də davam edəcək. M.Abbasbəyli bildirib ki, artan xərclərin qarşılığında sığorta şirkətləri də könüllü növlər üzrə sığorta haqlarını artıracaqlar. Ekspert hesab edir ki, avtomobillərin icbari sığortasında isə xərclər artsa da, tariflərin artması gözlənilmir: “Hazırki iqtisadi şəraitə uyğun olaraq yəqin ki icbari avtomobil sığortasında tariflər artırılmayacaq”.

“Sığorta şirkətləri hesablamalara uyğun işləməlidir”

Eksperlər hazırki iqtisadi şəraitə uyğun olaraq sığorta şirkətlərinə tövsiyə edirlər. Sığortaçılar bildirirlər ki,vəziyyətdən çıxış yolu olaraq sığorta şirkətləri riyazi hesablamalar əsasında işləməlidir. Sığorta fəaliyyəti əvvəl bir növ hobbiyə çevrilmişdi. Maliyyə vəziyyəti yaxşı olan sığorta şirkətləri bazarda rəqabətə uyğun olaraq sığorta məhsullarını rəqiblərindən daha ucuz satmağa çalışırdılar. İndiki iqtisadi şərait isə sığorta haqqlarının dəqiq hesablama əsasında müəyyən edilməsini tələb edir. Yəni aktuar hesabları əsasında sığorta haqqları müəyyən növlər üzrə artırıla, bəzilərində isə azaldıla bilər.