30 Oktyabr

Manatın reanimasiya tədbirləri nəticə verəcəkmi?

Azərbaycan manatının dəyərini itirməməsi üçün tətbiq edilən inzibati üsulların sayı getdikcə artır. Mərkəzi Bank ölkədə manat qıtlığı yaratmaqla manatın devalvasiyasının qarşısını almağa və sürətlənən inflyasiya tempini cilovlamağa çalışır. Bu tədbirlər sırasında əsasən gözəçarpanlar bunlardır:

Uçot dərəcəsi qalxdı - Kreditlər bahalaşdı

Mərkəzi Bank uçot dərəcəsini 9,5%-dən 15%-ə qaldırdı. Məlum olduğu kimi, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Yəni, banklar likvidlik problemi ilə üzəşdikdə kredit almaq üçün Mərkəzi Banka mürəciət edirlər. İndiki halda, onları yalnız bahalı mərkəzləşmiş kredit resursları gözləyir. Bu isə yeni verilən kreditlərin bahalaşması deməkdir, həmçinin passiv kredit əməliyyatları yaradır.
Uçot dərəcəsi həmçinin dövriyyədə olan pul kütləsini tənzimləmək üçün monetar alətdir. İndiki halda Mərkəzi Bank sərt pul siyasəti yürüdərək inflyasiyanı tənzimləmək və pul kütləsini azaltmağa çalışır. Yəni, bankların mərkəzləşmiş kreditlər çıxış imkanı daraldığından dövriyəyə pul kütləsi, xüsusən də manat kütləsinin buraxılması azalacaq. Üstəlik, banklar əllərində olan manatı kreditləşməyə cəlb etməklə yenidən manat qıtlığının yaradılmasına səbəb olacaqlar. Beləliklə, dövriyyədə yalnız müəyyən edilmiş həcmdə manat fırlanacaq. İqtisadçı ekspert Ramin Rəhimov isə bu addımların nəticələrini belə görür:
  1. İnflyasiyanın gözlənilən artım tempinin qarşısı alınacaq
  2. Manat qıtlığı nəticəsində manatın dəyərsizləşməsinin qarşısı alınacaq
  3. Depozit hərracları vasitəsilə banklarda olan manatın yığışdırılması artıq manata tələbi yüksəldəcək.

Əhali əlindəki dolları satacaq

Ekspert hesab edir ki, bu addımlar nəticəsində əhali əlində olan xarici valyutanı milli valyutaya çevirməyə başlayacaq, çünki ölkədə ödəniş vasitəsi AZN-dir və nəticədə konvertasiya əməliyyatları artacaq. Bu da öz növbəsində dövriyyədə dollar kütləsinin artmasına və manatın azalmasına səbəb olacaq.

SOCAR-ın istiqrazını manatla alacaqlar

Həmçinin, Mərkəzi Bank müxtəlif qiymətli kağızlar vasitəsilə dövriyyədəki manat kütləsini azaltmağa çalışır. SOCAR-ın istiqrazları da bu məqsədə xidmət edir. Belə ki, nominal dəyəri 1000 dollar olan istiqrazı almaq istəyən şəxs onun dəyərini manat ekvivalentində ödəyəcək.

FED-in artım qərarı dekabra qaldı

Bu tədbirlərin manatın dəyərini qorumağa yönəldiyi aydındır. R.Rəhimov hesab edir ki, bu tədbirlər müəyyən qədər effektli olacaq. Ekspert FED-in sentyabr qərarının gözlənilən olduğunu və dolların uçot dərəcəsinin artmamasının neft ölkələrinə milli valyutalarını qorumaq üçün qismən monetar mühiti yumşaltdı: “Lakin əksər ekspertlər FED-in bu qərarı ilin sonunda verəcəyinə əmindirlər. Çünki analoji təcrübə keçən il də qeydə alındı. Yəni ilin ikinci yarısından başlayaraq faiz artımı ilə bağlı həyəıcanlı bəyanatlar verən FED yalnız dekabrda bu addımı atdı. Üstəlik bu ilin noyabrında ABŞ-da gözlənilən seçkilər də FED-in dekabrda faiz artımına gedəcəyini təsdiqləyir. Bu halda isə inzibati metod təsirsiz olacaq və real olaraq üzən məzənnəyə keçid baş verəcək. Bu zaman Mərkəzi Bank dolların məzənnəsini 1,800-1,850 arasında təyin etməsi mümkündür”.