30 Oktyabr

Gürcülər və iranlılar bu avtomobilləri - BAKIDAN ALIRLAR

Son bir neçə ayda Azərbaycanda satılan Çin avtomobillərinə qonşu ölkələrdən maraq artıb. Xüsusilə də, Gürcüstan və İran vətəndaşları Çin avtomobili almaq üçün Azərbaycana gəlirlər. Bu barədə fins.az-a Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Sirena Motors” şirkətindən bildirib. Onun sözlərinə görə, iyul ayında etibarən “Changan”, “Baic” və “GAC” modellərini yerli müştərilərlə yanaşı, qonşu ölkələrdən gəlib almağa başlayıblar.

“Gürcüstan və İranda Çin avtomobillərinin nümayəndəlikləri yoxdur”

Ə.Əliyev bildirib ki, buna səbəb Gürcüstan və İranda Çin avtomobillərinin rəsmi nümayəndəliklərinin demək olar ki, fəaliyyət göstərməməsidir. Adətən Avropa avtomobillərinə alışan Gürcüstan vətəndaşları artıq Asiya avtomobil bazarına da maraq göstərirlər.

30-40 minlik Avropa maşınlarının Çin oxşarını 18-19 min manata alırlar

Ə.Əliyevin sözlərinə görə, gürcülər, azərbaycanlılardan fərqli olaraq 3.5-5.5 l mühərrikli bahalı avtomobil sürməyi sevmirlər. Onlar daha qiyməti 1000 dollara kimi olan qənaətcil avtomobillər sürməyə üstünlük verirlər:“Tiflisə gedənlər şəhərdə əksər avtomobillərin köhnə “Mercedes”lər olduğunu görüblər. Orada sürülən ən təzə avtomobil 2008-ci il model “Mercedes S Class”lardır”.

Gürcülər Bakıdan az yanacaq işlədən kiçik SUV avtomobilləri alır

Gürcü avtomobil həvəskarları internetdə daha bahalı Avropa avtomobilləri ilə eyni komplektasiyada qiymət baxımından daha ucuz Çin avtomobillərinin olduğunu görürlər.Yerli bazarda satılmadığı üçün bu avtomobilləri almaq üçün Azərbaycana gəlirlər.Xüsusilə də az yanacaq işlədən qiyməti 18-19 min manat kimi sport stilli 2.0 l mühərrikli kiçik SUV modellərinə maraq göstərirlər.Məsələn, buna “Changan CS 35”, “Changan CS75” modellərini aid etmək olar.

İranlılar “Hyundai Sonata”nın əvəzinə onun ucuz oxşarını alırlar

İranda yerli avtomobillər daha çox satıldığı üçün ölkə vətndaşları xarici avtomobilləri digər ölkələrdən gətirməyə çalışırlar.Ə.Əliyev bildirib ki, İran vətəndaşları əvvəllər daha çox “Hyundai”modellərini almaq üçün Azərbaycana gəlirdilər. Daha çox maraq isə “Hyundai Sonata” modelinə idi. Dolların bahalaşması isə vəziyyəti bir qədər dəyişib.Ölkəyə gələn İranlı turistlər sevimli Cənubi Koreya avtomobillərini almağa pulları çatmasa da, onlarla görünüşcə oxşar Çin avtomobillərini almağa başlayıblar.Məsələn,buna “Changan Eado” modelini aid etmək olar. Ə.Əliyev bildirib ki, İranlı müştərilər qiymətlə yanaşı, avtomobilin görünüşünə və ehtiyat hissələrinin ölkələrində satılıb-satılmamasına diqqət yetirirlər. Ə.Əliyev bildirib ki, son bir ayda “Changan” və “Baic” avtomobillərinin bir hissəsi qonşu ölkələrə satılıb.