Dolların yenidən bahalaşması avtomobil sığortasına da təsir göstərib. Avtomobillərin və onların ehtiyat hissələri bahalaşıb. Bu isə təbii ki, avtomobillərin sığortasında da problem yaradır. Məsələn, əvvəl 300 manat ödənilərək sığortalanan avtomobilin bazar qiyməti artaraq 13-14 min manat olub. Belə olan halda isə avtomobilin sığortası natamam sığortaya çevrilir. Yəni sığorta şirkəti müqavilədə üzərinə götürdüyü məbləğdə öhdəliyi yerinə yetirir. Bu isə o deməkdir ki, avtomobilin qiymətinin artmasına baxmayaraq sığorta şirkəti maksimum 10 min manat ödəniş edəcək.
Devalvasiya sığorta şirkətləri ilə yanaşı, avtomobil sahiblərini də ziyana salır
“AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov fins.az-a bildirib ki, dolların bahalaşmasından sonra kasko sığortada zərərlilik hər ötən gün bir az da artır. Əməkdaşlıq edilən avtoservislər ehtiyat hissələrinin qiymətində və işçi haqqında 10-20 % endirim etsələr də, bu zərərliliyin aşağı salınmasında bir o qədər təsir göstərmir. “Rəvan Sığorta” şirkətinin satış və marketinq departamentinin müdiri Mail Nuriyev isə zərərliliyin 30-35 % artdığı deyib. Sığortaçıların sözlərinə görə, bu vəziyyət sığorta şirkətləri ilə yanaşı müştərilərə də təsir göstərir. Belə ki, əvvəl tam sığortalanan avtomobilin bazar qiyməti artdığı üçün kasko sığorta natamam sığortaya çevrilir.
Sığorta şirkətləri yalnız avtomobil tam məhv olduqda natamam sığorta tətbiq edir
O.Məmmədovun sözlərinə görə, belə olan halda sığorta şirkətləri avtomobilin devalvasiyadan əvvəkli sığorta məbləğinə uyğun olaraq ödəniş həyata keçirə bilərlər:” “AtaSığorta” şirkəti yalnız avtomobil tam məhv olduqda natamam sığorta tətbiq edir. Məsələn, əvvəl bazar qiyməti 10 min manat olan avtomobil tam sığortalanıb. Hazırda isə onun qiyməti 15 min manata qədər yüksəlib. Avtomobilə 7 min manat ziyan dəyirsə, onun hazırki qiymətinin nisbətində deyil, dəyən ziyanın məbləğində ödəniş edilir”. Avtomobil tam məhv olduqda, bu zaman 15 min manat deyil, 10 manat həcmində ödəniş verilə bilər.
“Azsığorta” şirkətinin anderraytinq şöbəsinin müdiri Cəlal Mehdiyev də bildirib ki, yalnız avtomobil tam məhv olduqda onun əvvəlki bazar qiyməti nəzərə alınaraq ödəniş edilir:” Adi qaydada qəzada avtomobilə 3 və ya 5 min manat ziyan dəyirsə, qismən sığorta tətbiq edilmir. Yəni, tam sığorta məbləğinə qədərə maşına dəyən ziyan tam ödənilir. Müştəri yalnız avtomobil tam məhv olduğu halda aldığı ödənişə görə narazı ola bilər. Bu isə avtomobilin bazar qiymətinin yüksəlməsinə görə ola bilər”.
Müştərilər müraciət edib kasko müqavilələrini yeniləsinlər
C.Mehdiyev bildirir ki, belə halla qarşılaşmaq istəməyən müştərilər sığorta şirkətinə müraciət edib əlavə sığorta haqqı ödəyərək avtomobillərinin yeni qiymətlə sığortasını təmin edə bilərlər. Amma sığorta şirkətlərinin qanunla belə bir öhdəlikləri olmadığı üçün müştərilərə müraciət edilməyib.
O.Məmmədov isə hesab edir ki, vəziyyət stabilləşmədiyi üçün hələlik sığortaların yenilməsi ilə bağlı müştərilərə müraciət edilməsi məqsədəuyğun deyil: “Avtomobillərin və ehtiyat hissələrinin qiymətləri sabitləşmədiyi üçün hələlik müştərilərə tam sığorta ilə bağlı müraciət etmək tezdir. Məsələn, əvvəl 10 min manatlıq avtomobil 13-14 min manata kimi bahalaşıb. Müştəri müraciət edib avtomobilini həmin məbləğdə sığortalayır. Bir aydan avtomobil bir qədər də bahalaşa bilər. Bu zaman avtomobil sahibi yenidən sığorta şirkətinə müraciət etməli olar.” Amma əlavə xərclərlə qarşılaşmamaq istəyən avtomobil sahibləri sığorta şirkətinə müraciət edib əlavə ödənişlə avtomobilinin tam sığortalaya bilər.
Avtomobillərinin yarısını sığortalayanlara - SOS!
O.Məmmədov devalvasiyanın avtomobilini bank vasitəsilə qismən sığortalayanlara da ziyan vuracağını deyib: “ Məsələn, müştəri avtomobilin 70 %-ni sığortalayıb. 30 %-lik öhdəlik isə onun üzərindədir.Əvvəl bu öhdəlik 1500 manat idisə, indi həmin rəqəm 2500 manat və daha çox ola bilər. Ona görə də, belə müştərilər daha diqqətli olub, avtomobilini tam sığortalamalıdırlar”.
“Avtomobillər ucuzlaşır, ona görə belə problem yaranmır”
“Rəvan Sığorta” şirkətinin satış və marketinq departamentinin müdiri Mail Nuriyev fins.az-a bildirib ki, hazırda ikinci əl avtomobil bazarında qiymətlə getdikcə ucuzlaşır. Bu isə o deməkdir ki, əvvəlcə sığortalanan avtomobillərin bazar qiyməti yüksəlmir:” Belə olan halda isə sığorta təminatının məbləği ilə bağlı problem yaranmır. Yəni, sığortalanarkən qiyməti 10 manat olan avtomobil hazırda daha ucuz olduğu üçün sığorta müqaviləsini yeniləməyə ehtiyat yoxdur”.