30 Oktyabr

"Maşınımı təmir etdiniz – BƏS TAKSİ PULU?"

Azərbaycanda sığorta hadisələri zamanı sürücülərə dəyən zərər dedikdə adətən əzilmiş avtomobilin təmir xərci başa düşülür. Hərçənd, qəza nəticəsində avtomobil sahibinə dəyən zərər bununla bitmir. Hətta avtomobil sığortalı olduqda və sığorta şirkəti əzilmiş avtomobili təmir etdirdikdə də bəzi əlavə xərclər yaranır ki, bunu maşının sahibi özü ödəməli olur.

Söhbət təmirə verilmiş avtomobilin sahibinin itirdiyi vaxt və maşınsız qalmamaq üçün taksiyə ödədiyi xərclərdən gedir. İtirilmiş vaxtın dəyərini hesablamaq mümkün olmasa da, taksi xərcləri tamamilə realdır. Belə ki, qəzaya düşən avtomobillərin təmiri adətən minimum 1 həftə vaxt aparır. Bu isə avtomobil sahibinin həmin müddətdə maşınsız qalması və əlavə xərcə düşməsi deməkdir.

Qiymətli "xırdalıqlar"

Adətən qəza və onun araşdırılması zamanı belə "xırdalıqlar" nəzərə alınmır. Həm hadisə iştirakçılarının, həm də sığorta şirkətinin əsas diqqəti maşına dəyən zərərin müəyyənləşdirilib ödənməsinə yönəlir. Halbuki, bəzən əzilmiş avtomobil sahibinə dəyən əlavə zərər maşına çəkilən xərclə müqayisə oluna bilən həddə olur.

Səbəbi sadədir - şəxsi maşını olanlar ictimai nəqliyyatdan istifadə etməyə öyrəşməyiblər və onlar maşınsız qaldıqda taksidən istifadəyə üstünlük verirlər. Bu isə adi hallarda avtomobilin yanacağına verilən pulla müqayisədə 4-5 dəfə çox xərc deməkdir.

Məsələn, avtomobillə işə gedib-gəlməyə gündəlik 2-3 manat kifayət edirsə, taksi ilə həmin məsafəni qət etmək 10-15 manatdan ucuz başa gəlmir. Deməli cəmi 1 həftə maşınsız qalan avtomobil sahibi maşına dəyən zərərdən əlavə 120-150 manat xərcə düşməlidir.

Vəziyyətdən çıxış yolu sığorta şirkətinin müştərisinə əvəzedici avtomobil verməsi və yaxud onun taksi xərclərini ödəməsi ola bilər. Amma bu xidmət heç də bütün şirkətlərdə tətbiq olunmur.

“Maşın təmir olunduğu müddətdə müştəriyə başqa avtomobil veririk”

Azərbaycandakı sığorta şirkətləri arasında bu xidməti, yəni müştərilərinə əvəzedici avtomobili “Bakı Sığorta” təqdim edib. Şirkətinin nümayəndəsi Cavid Nemətzadə deyir ki, bu xidmət pulsuzdur: "Yəni, avtomobilini “Bakı Sığorta”da könüllü sığorta etdirənlər arxayın ola bilərlər ki, bir hadisə baş versə onlara əvəzedici avtomobil veriləcək". Şirkət müvəqqəti avtomobili fiziki şəxslərə 14 günə, hüquqi şəxslərə isə 1 aylığa verir. Rayon yerlərində yaşayanlara isə müvəqqəti avtomobilin əvəzinə 140 manat pul ödənilir. Bu da “Bakı Sığorta”nın kasko məhsuluna daxildir. “Bakı Sığorta” qəzaya uğramış müştərilərinə onların hansı maşın sürməsindən asılı olmayaraq yapon

"Əvəzedici maşın istəyən daha çox sığorta haqqı ödəməlidir"

Bəzi şirkətlərdə əvəzedici avtomobili əlavə ödəniş müqabilində təqdim edirlər. Məsələn, “Standart İnsurance”də kasko sığortası üzrə əvəzedici avtomobilin verilməsi nəzərdə tutulmayıb. Bununla belə, şirkətin nümayəndəsi Orxan Vəliyev deyir ki, müştəri təkid etsə, bu xidmət sığorta müqaviləsinə daxil edilə bilər. Yəni, müştəri ödədiyi sığorta haqqına 10-15% əlavə etsə, baş verə biləcək yol qəzasından sonra müştəriyə taksi pulu və yaxud əvəzedici avtomobil verilə bilər. Amma hələ ki, “Standard İnsurance”a belə bir müraciət olmayıb.

“Maşının təmiri günlərlə vaxt aparırdı”

Bəzi sığorta şirkətləri isə müştərilərə əlavə qayğının peşmançılığını çəkiblər. Məsələn, “AXA MBASK” sığorta şirkəti vaxtilə müştərilərinə "taksi pulu" ödəsə də, hazırda bu xidməti dayandırıb. Şirkətin nümayəndəsi Ənnağı Nağıyev bunu müştərilərin məsuliyyətsizliyi ilə izah edir. Onun sözlərinə görə, qəzaya uğramış avtomobilin yerinə başqa maşın aldıqda, müştərilər bir qədər arxayınlaşır, avtomobillərinin vaxtında təmir olunmasına ciddi yanaşmırlar. Başqa sözlə, təmir işləri günlərlə vaxt aparır və bununla da sığorta şirkətinin maşını lazım olandan artıq müddətdə müştəridə qalır. Bu da şirkətin maraqlarına uyğun deyil.

Taksi xərclərinin ödənilməsinə gəlincə isə, Əliağa Nağıyev deyir ki, bu məsələ yalnız avtomobilini “AXA MBASK”da icbari qaydada sığorta etdirənlər üçün nəzərdə tutulub. Belə ki, icbari sığorta müqaviləsi bağlanan zaman müştərilərə “+5” paketi təklif olunur. Bu məhsulun mahiyyəti odur ki, müştəri icbari sığorta haqqından əlavə olaraq 5 manat da ödəyir. Sığorta hadisəsi baş verən zaman isə həm ona, həm də qarşı tərəfə 50 manat taksi pulu verilir.