30 Oktyabr

Monitorinq şirkətləri arasında qalmaqal

Hər iki şirkətin nümayəndəsi haqlı olduğunu bildirir, amma…

Media Consulting Services və «Nettrends»in apardıqları media monitorinqinin nəticələrinin fərqli olması biznes və media arasında bir sıra suallar yaratdı. Onlar bu monitorinqlərin hansına inansınlar deyə sual ortaya çıxır. Xüsusilə, «Media Consulting Services» Media Monitorinq Şirkətinin iyun ayı üzrə tərtib etdiyi aşağıdakı cədvəl müəyyən fikir ayrılığına gətirib çıxardı.

Şirkətdən bildirirlər ki, cədvəldə toplanan rəqəmlər hər iki qurumun facebook səhifəsindən götürülüb. «Media Consulting Services»in əməkdaşı Vüsalə Hüseynovanın «Bizim Yol»a on ildir ki, bu sahədə fəaliyyət göstərdiklərini açıqladı: «Bu müddət ərzində müştərilərimizə daha dolğun, operativ və daha obyektiv məlumatlarla təmin etməyə çalışmışıq. Ayda bir dəfə bir neçə sektor üzrə topladığımız məlumatları dərc edirik. Əvvəllər aylar üzrə məlumatları dərc etmirdik. Hazırda bu addımı atmaqda məqsədimiz «Nettrends» şirkətinin aylar üzrə açıqladığı rəqəmlərin reallığı əks etdirməməsi, habelə bazarda yalnız onların buna qadir olması kimi rəy yaratmaq cəhdləridir. Ondan sonra ötən ilin sonlarından başlayaraq hər ay biz də öz rəqəmlərimizi açıqlamağa başladıq. Bununla da, indiyə kimi ictimayyətə təqdim olunan digər şirkətin faktiki olaraq hesabatlarının sabun köpüyü olduğunu sübut etdik. Bundan sonra biznes qurumlarından hər ay bizə çoxlu sayda suallar gəlməyə başladı. Ondan sonra məlum cəvdəli tərtib edib, hər şeyi ictimayyətin müakirəsinə buraxdıq».

V.Hüseynovanın sözərinə görə, cədvəldə iki monitrinq şirkətinin açıqladığı nəticələr arasında çox kəskin fərqlər olduğu aydın görünür: «Məsələn, Beynəlxalq Bankla bağlı toplanan məlumatlarına sayında 2 dəfəyədək fərq yaranıb. «Paşa Həyat Sığorta» ilə bağlı məlumatlarda 2,5 dəfə fərq var. Bizim şirkət açıqladığı rəqəmin arxasında məlumat durur və bunu sübut etməyə də hazırdır. Media Consulting Services öz peşəkar komandasına, monitorinq sisteminə, hesablama metodologiyasına tam əmindir.

Bəzən media monitorinqlərini reytinq göstəriciləri ilə qarışıq salırlar. Əslində, burada iki məsələ önəm daşıyır. Birincisi, kimin haqqında nə qədər məlumat toplanılıb, ikincisi, hansı şirkətin daha çox tapmasıdır. Nə qədər çox məlumat tapılırsa, şirkətin daha üstün və daha dərin araşdırma aparan sistemə malik olduğunu təsdiq edir».

Şirkətin əməkdaşı bildirdi ki, hər hansı şirkət haqqında toplanan məlumatları şəffaf şəkildə təqdim etməyə hazırdılar: «Həmin şirkət haqqında yazılan xəbərlərin sayı və onların başlığı ilə açıqlamağa hazırıq. Monitorinq şirkəti müştərilərinə görə məsuliyyət daşımalı, daha dolğun xəbərlə təmin etməyə çalışmalıdır. Digər şirkət facebook səhifəsindən öz bank və sığorta üzrə məlumatlarının sayını yığışdırıb, yalnız faiz ifadəsində saxlaması özlərinin də hesabatlarının səhv oldmasını etiraf etmələridir. Əks halda, onlar öz hesabatlarını ilkin dərc etdiyi kimi saxlayardılar. Amma normal halda səhvi etiraf etmək və üzürhaqlıq etmək lazım idi. Belə çıxır ki, biz bu yalanı tutmasa idik, bu doğru bir hesabat satatusunda qalacaqdı».

V. Hüseynova deyir ki, onların media monitorniqi təqribən 20-yə yaxın sektoru əhatə edir: Apardığımız hər bir sektor üzrə məlumatların toplanmasına 94-95 faiz təminat veririk».

Monitorinqlərdə yaranan kəskin fərqə aydınlıq gətirən «Nettrends» Media Monitorinq şirkətinin nümayəndəsi Sədan Bünyadova isə bildirdi ki, onlar 2013-cü ilin yanvar ayından etibarən Azərbaycanda ilk dəfə olaraq onlayn mediada adların çəkilməsi statistikasını ictiamiyyətə açıqlayır: «Elan olunan rəqəmlər xəbərin mahiyyətini və məzmununu nəzərə almadan, sadəcə statistik olaraq bir adın və ya söz birləşməsinin neçə dəfə yazıldığını bildirmək üçündür. Bu göstəricilər çox güman ki, keyfiyyət analizini aparmağa imkan vermir və yalnız müəyyən istinad nöqtəsi rolunu oynayır».

«Sevindirici haldır ki, Azərbaycanda fəaliyyət göstərən digər şirkətlər də, Nettrends-in təcrübəsindən faydalanaraq öz fəaliyyətlərində dönüş yaratmağa və adların hallanması statistikasını yaymağa başlayıbrlar», deyə S.Bünyadova açıqlamasında vurğulayıb. Onun sözlərinə görə, «Nettrends» şirkətinin fəaliyyəti tamamilə informasiya texnologiyalarına əsaslanaraq qurulub: «Yaydığımız statistik göstəricilər ən son texnoloji həllər tətbiq edilməklə edilir. Daha ətraflı analitik araşdırmaların nəticələri birbaşa müştərilərimizə təqdim edilir və izah edilir. Müştərilərimiz olan böyük müəssisələr, holdinqlər, şirkətlər və dövlət qurumlarından təqdim etdiyimiz hesabatların məzmununa dair heç bir sorğu və ya irad daxil olmayıb».

Vüsalə Rüstəmova

Mənbə- bizimyol.info