Yanvar ayında Azərbaycanda ən zərərli sığorta növləri kənd təsərrüfatı və hərbi qulluqçuların icbari sığortası olub. Fins.az-ın sığorta bazarında yanvar ayının nəticələrinə əsasən məlumatına görə, 2015-ci ilin yanvar ayında Azərbaycanda bütün sığorta sinifləri üzrə toplanmış hər 100 manat sığorta haqqı müqabilində 16,4 manat ödəniş edilib. Amma ayrı-ayrı siniflər üzrə ödəniş səviyyəsi fərqlidir.
Aqrar sığorta və hərbi qulluqçular
Ayın nəticələrinə görə, ölkədə ən zərərli sığorta növü kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasıdır. Sığorta şirkətləri bu sahədən topladıqları sığorta haqqından 5,8 dəfə artıq ödəniş ediblər. Halbuki, ötən ilin yanvar ayında isə bu sahədə ödəniş olmamışdı.
Zərərliliyin səviyyəsinə görə, 2-ci yerdə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası qərarlaşıb. Bu sahədə sığorta ödənişləri yığımı 5,4 dəfə üstələyib. Keçən il isə zərərlilik 6,9 dəfə olub.
Sığorta şirkətləri kənd təsərrüfatı heyvanlarını sığortaladıqlarına görə də ziyana düşüb. Bu sahədə zərərlilik ötən ilki 17,5%-dən 5 dəfəyə qalxıb.
Kasko sığortanın zərəri getdikcə artır
Kütləvi sığorta növlərinə gəlincə, ən böyük zərərlilik avtomobillərin könüllü sığortasında qeydə alınıb. Yanvar ayında sığorta şirkətləri müştərilərdən topladıqları hər 100 manat sığorta haqqı müqabilində 76,5 manat ödəniş ediblər. Ötən il isə kasko sığortasında zərərlilik 61,4% olub. Sığortanın zərərliliyinin artmasının əsas səbəbi ötən ilə nisbətən sığorta haqlarının azalması ödənişlərin isə artmasıdır.
Sığorta şirkətləri kreditlərin sığortasına görə də az ödəniş etməyib. Bu sahədə zərərlilik 65,6% təşkil edib. Halbuki keçən il kreditorların sığorta şirkətinə ümumiyyətlə işi düşməmişdi.
Zərərliyi 50%-dən az olan sığorta növləri
Digər sığorta növləri üzrə zərərlilik isə 50%-i keçməyib. Məsələn, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortasında ödəniş-yığım nisbəti 43,8% (ötən il 30,4% olub), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında isə 42,5% (ötən il 45,5% olub) təşkil edib.
Ödəniş-yığım nisbəti həyatın ölüm halından sığortasında 6,5%-dən 15,1%-ə, tibbi sığortada 8,7%-dən 15,1%-ə, səfər sığortasında 1,8%-dən 21,9%-ə qalxıb.
Ödənişlərin azaldığı sahələr
Yanvar ayında bəzi sığorta növləri üzrə ödəniş-yığım nisbəti ötən ilə azalıb. Belə ki, həyatın yaşam sığortasında nisbət 6,5%-dən 6,3%-ə, fərdi qəza və xəstəlik sığortasında 10,2%-dən 7,2%-ə, əmlakın yanğından və digər risklərdən sığortasında 11,1%-dən 8,3%-ə enib. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanda 14,1%-dən 6,1%-ə, daşınmaz əmlakın icbari sığortasında isə 19,3%-dən 1,6%-ə düşüb.
Ödəniş edilməyən sığorta növləri də var
Bəzi sığorta növləri üzrə isə ümumiyyətlə ödəniş edilməyib. Belə ki, yanvar ayında sığorta şirkətləri sağalmaz xəstəliklərdən sığorta, dəmir yolu, hava və su nəqliyyatı vasitələrinin sığortası üzrə ödəniş etməyiblər. Eləcə də, işçilərin dələduzluğu sığortası, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortası, titul sığortası, mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası, peşə məsuliyyətinin sığortası, auditorların peşə məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası növləri üzrə də nə ötən il, nə də bu il ödəniş edilməyib.
Ümumilikdə 2015-ci ilin yanvar ayında ayrı-ayrı sığorta sinifləri ödəniş-yığım nisbəti ilə buradan tanış olmaq mümkündür.