“Headhunter” işəgötürmə portalının hesabatına əsasən, sığorta, bank nümayəndələri və personalın idarə edilməsi ilə məşğul olan insanlar işdən çıxarılacaqlarından digərlərinə nisbətən daha çox ehtiyat edirlər
“Headhunter”-in reytinq araşdırmasında 9 min nəfərdən çox Rusiyalı işçi iştirak edib. Araşdırmalara görə, 1-ci pillədə sığorta sahəsinin nümayəndələri durur – bu sahədə işləyənlərin hər 3 nəfərdən 1-i sorğu zamanı ixtisara düşəcəklərinə əmin olduqlarını bildirib və yalnız 1/3-i ixtisarların onlardan yan keçəcəyini söyləyiblər.
2-ci yerdə personalın idarə olunması sahəsində (HR- mütəxəssislər, rekruterlər, kadrlar üzrə mütəxəssislər və s.) və administrativ vəzifələrdə çalışanlar (katibə, ofis-menecer, kuryerlər və s.) durur.
İşdən çıxarılma riski böyük olanlara həmçinin, bank və lizinq sahəsinin nümayənələri aiddir – onların 1/4 hissəsi belə hesab edir. Bundan başqa, hesabata əsasən, həm fiziki, həm də informasiya təhlükəsizliyinin təminatı sahəsində işləyənlərin də ixtisara düşmə ehtimalları böyükdür.
Reytinqin beşinci pilləsində orta risklə avtomobil sahəsində çalışanlar və ümumiyyətlə satış və loqistika sahəsinin nümayəndələri durur. Bu sahədə çalışanların yalnız 15%-i işdən çıxarılacaqlarından ehtiyat edir.
İxtisarlarlar barədə ən az düşünənlər marketinq, PR və reklam sahəsində çalışanlardır. Onların 41%-i bu il işdən çıxarılmayacaqlarından əmindirlər. Araşdırma nəticəsində ən aşağı risk qrupuna əmlak, tikinti, informasiya texnologiyaları, mühasibatlıq, turizm sahələrində çalışanlar daxil olunub. Bundan başqa, xammal sektorunun nümayəndələri, eləəcə də, media elm və təhsil, tibb və əczaçılıq sahəsində işləyənlər də işdən çıxarılma riski aşağı olanlardandırlar. Hüquqünaslar, QHT işçiləri və top-menecerlər reytinq cədvəlini tamamlayırlar.
“Headhunter”-in araşdırmalar üzrə direktoru Qleb Lebedevin hesab edir ki, 2008-2009-cu illərdəki böhranla müqayisədə işdən çıxarılma strukturunda demək olar ki, heç bir dəyişiklik olmayıb. Lakin onda işçiləri daha tez və kütləvi şəkildə ixtisar edirdilər. Onun sözlərinə görə, bu dəfə ixtisarlar daha düşünülmüş və yavaş baş verəcək. Hətta işdən çıxarılanların sayı ötən böhrandakı qədər olsa da, (orta hesabla şirkət işçilərinin sayından asılı olaraq, 10-15%) bu, işini itirənlərə yeni iş tapmaq üçün daha çox vaxt verəcək və beləliklə əmək bazarındakı gərginlik çox artmayacaq.
“Kelly Services” işəgötürmə agentliyinin icraçı direktoru Yuriy Yefrosininin fikrincə, şirkətlərin çoxu yeni işçilərin cəlb olunmasına və ştatın böyüdülməsinə ehtiyatla yanaşacaqlarına görə, ixtisarlar seçici xarakter daşıyacaq. Əvvəlki böhranın təcrübələrini nəzərə aldıqda, şirkətlər işdən çıxarılma prosesini maksimal şəkildə yumşaq aparır və hətta işdən çıxardıqları insanlara yeni iş axtarışında kömək də edirlər.
Rusiyanın daha bir işəgötürmə agentliyi olan “Kontakt” şirkətinin nümayəndəsi Marina Tarnopolskaya bildirib ki, 2008-ci il böhranında ilk növbədə avtomobil sənayesi və sığorta sahəsinin nümayəndələri zərər çəkib. İndi isə developer və tikinti şirkətlərinin və bank sektorunun nümayəndələri ixtisarlardan daha çox əziyyət çəkəcəklər.