Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatlarının təxminən yarısı hazırda ipoteka krediti vermir. Bu barədə fins.az banklara istinadən xəbər verir.
Xatırladaq ki, AİF ipoteka kreditləşməsində ölkənin 30 bankı ilə əməkdaşlıq edir və kredit onların vasitəçiliyi ilə ayrılır. Amma araşdırmamız nəticəsində məlum olub ki, həmin bankların yalnız 18-də dövlət xətti ilə, yəni illik 4-8%-lə ipoteka krediti verilir. Kreditləşmənin mövcud olduğu banklar aşağıdakılardır:
- “Atabank”
- “Bank Respublika”
- “Bank Standard”
- “Expressbank”
- “Bank Technique”
- “Xalq Bank”
- “AGBank”
- “Gəncəbank”
- “Bank Avrasiya”
- “Kapitalbank”
- “Azərbaycan Beynəlxalq Bankı”
- “Turanbank”
- “Bank of Baku”
- “Bank BTB”
- “Bank Nikoil”
- “Qafqaz İnkişaf Bankı”
- “NBC Bank”
- “Yapı Kredi Bank”
Qalan 12 bankda isə ipoteka kreditləşməsi dayandırılıb. Banklar bunu müxtəlif səbəblərlə izah edirlər.
Məsələn, “Dəmirbank”da kredit verilməməsinin səbəbi kimi AİF tərəfindən bu il onlara kredit xəttinin açılmaması ilə izah edirlər.
“Unibank”da isə ipoteka krediti üçün sənədlər qəbul edilsə də, hələlik rəhbərliyin qərarı əsasında kreditin verilmədiyi bildirilir.
“AFB Bank” isə ipoteka krediti verməməsini AİF tərəfindən onlara ayrılmış kreditin limitinin dolması ilə əlaqələndirir.
“Amrahbank”da isə ipoteka kreditləşməsinin dayandırılmasına səbəb isə vəsaitin olmaması göstərilir.
“Azər-Türk Bank”da isə deyirlər ki, ipoteka kreditlərinin verilməsinə gələn ayın sonlarına yaxın başlana bilər. Hazırda bank işçilərinə verilən kreditlər (“Həmkarım” krediti) istisna olmaqla bütün kreditlər dayandırılıb.
“Bank of Azerbaijan” və “Caspian Development Bank” isə praktiki fəaliyyətsiz olduğu üçün nəinki ipoteka krediti, ümumiyyətlə kredit vermir.
“Bank Silk Vey”, “Zaminbank”, “Muğanbank”, “Kredobank”da isə ipoteka kreditləşməsinin niyə dayandırıldığını açıqlamırlar.
Adı AİF-in müvəkkil kredit təşkilatlarının siyahısında olan “PAŞA Bank”da isə maraqlıdır ki, ipoteka kreditləşməsi ilə ümumiyyətlə məşğul olmadıqlarını deyirlər.