05 Noyabr

Evləri necə tez satmaq olar? – MÜSAHİBƏ

Azərbaycanda daşınmaz əmlak alqı-satqısı və kirayəsi üzrə yeni platforma fəaliyyət göstərir. Söhbət “Houzboom” şirkətindən gedir. Yeni əmlak platforması imkanlarının genişliyi ilə seçilir. Bəzi xüsusiyyətləri ilə ənənəvi elan saytlarından daha effektiv xidmət göstərir.

Ən əsası, şirkət daşınmaz əmlak bazarı üzrə bütün iştirakçıları bir araya gətirir və müştərilərə daha təhlükəsiz, operativ alqı-satqı imkanları təklif edir. Mövzu ilə bağlı “Houzboom” şirkətinin rəhbəri Xəqan Qulamovun Fins.az-a verdiyi müsahibəni təqdim edirik.

- “Houzboom”un fəaliyyəti nədən ibarətdir?

- “Houzboom” əsasən daşınmaz əmlak bazarında məlumatlandırma və kommunikasiya platformasıdır. 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Saytda 5 mindən çox əmlak elanı yerləşdirilib. Şirkətin əsas məqsədi daşınmaz əmlak bazarının iştirakçılarını - alıcılar, satıcılar və agentləri bir araya gətirməkdir. Biz çalışırıq ki, maksimal dərəcədə səhifədə lazımı məlumatları yerləşdirək. Məsələn, buna agentlər, yəni rieltorlar haqqında məlumatlar daxildir. Yəni, bu rieltor kimdir, necə işləyir? Onun səhifədə profili yaradılır. Sonra onun saytda yerləşdirdiyi evlərin əsasən hansı ərazilərdə yerləşdıyi qeyd olunur. Yerli, yoxsa xarici əmlaklarla işləyir. Bundan əlavə səhifədə evlərlə bağlı statistik göstəriciləri əldə etmək mümkündür. Yəni, hər hansı bir evlə maraqlanırsınızsa, elana daxil olub evlərin orta qiymətlərini görmək olar.

Biz düşünürük ki, ev alqı- satqısı işini mütəxəssislərə etibar etmək bazar iştirakçıları üçün daha əlverişli olacaq. Məhz bu səbəbdən, veb səhifəmizin ayrılmaz hissəsi daşınmaz əmlak fəaliyyəti ilə məşğul olan agentlərin layihəyə cəlb edilməsi və təşviqidir. Saytda ev alqı-satqısı ilə yanaşı, kirayə, torpaq, biznes obyektləri, xaricdə daşınmaz əmlak elanları yerləşdirilir.

-“Houzboom”un əmlak saytlarından üstünlükləri nələrdir?

- Digər daşınmaz əmlak saytları daha çox elan lövhəsi kimi fəaliyyət göstərir. Houzboom” isə interaktiv ortam yaratmağa çalışır. Eyni zamanda, alıcı rieltorun xidmətinə rəy bildirməklə onun işi haqqında fikir formalaşdırır. Məsələn, alıcı el arasında makler kimi tanınan rieltorlar onlayn danışır. Daha sonra həmin rieltorun xidmətini rəylər vasitəsilə dəyərləndirir. Rieltor gec cavab verdi, mən istədiyim mənzili göstərmədi və yaxud xidmətdən razıyam. Digər istifadəçi artıq görür ki, bu rieltor necə işləyir və onun xidmətindən yararlanmağa çalışır. Xarici əmlak saytlarında insanlar telefon alarkən belə əvvəlcə satıcı haqqında rəylərə baxırlar, daha sonra xidmətdən istifadə edirlər. Bizdə isə hələlik bu ənənə fomralaşmayıb. “Houzboom”un məqsədi də məhz insanların bu xidmətə yanaşmasını dəyişməkdir. İstəyirik ki, insanların rieltorlarla bağlı rəyləri daha çox olsun.

- Rieltorlar necə işləyir?

- “Houzboom” rieltor şirkəti deyil. Biz sadəcə rieltorlar və isitfadəçilər üçün rahat istifadə olunan ortam yaratmışıq. Rieltorlar qarşısında məhdudiyyət qoymuruq. İstənilən şəxs rieltor kimi fəaliyyət göstərə bilər. O saytda qeydiyyatdan keçir, öz şəklini yerləşdirir, özü haqqında məlumatları daxil edir və elanları yerləşdirməyə başlayır. Sadəcə əgər bu rieltor professional yanaşmırsa, nömrəyə zəng çatmırsa, aktiv fəaliyyət göstərmirsə, mütəmadi yoxlayırıq və belə halların qarşısını almağa çalışırıq. Məsələn, əvvəlcə səhifədə 200-dən çox rieltor var idi hazırda isə səhifədə 100-dən çox rieltor var. Çalışırıq ki, bu işdə istifadəçilərə daha çox kömək göstərə bilək.

-“Houzboom” həm də, xaricdə daşınmaz əmlak elanları yerləşdirilir. Elanlar daha çox hansı ölkələrdəki əmlaklara aiddir?

- Səhifədə 5 minə yaxın əmlak elanı yerləşdirilib. Xaricdə daşınmaz əmlakla bağlı elanlar cəlb etmək üçün çalışırıq. Bunun üçün Türkiyə, Sloveniya, Macarıstan, Avstriya, Çexiya və digər Avropa ölkələrində əmlak şirkətləri ilə aktiv işləyirik. Məsələn, indi istifadəçilər İspaniyada daşınmaz əmlaklara daha çox maraq göstərirlər. İstifadəçilərin istəyindən asılı olaraq yerli bazarla yanaşı, xarici ölkələrdə də müştərilərin seçim imkanlarının yaradılması üçün xarici rieltorların Azərbaycanda nümayəndəliklərinin olmasını istərdik. Avropa ilə yanaşı, Asiya və Amerika ölkələrindən də elanların olmasını istəyirik. Sadəcə burada bəzi məqamlar var. Məsələn, Azərbaycan vətəndaşı bu ölkədə əmlak ala bilərmi, yoxsa yox? Bu məqamları dəqiqləşdirəndən sonra həmin ölkə ilə bağlı əmlak elanlarının yerləşdirilməsinə başlayırıq.

- Xaricdəki daşınmaz əmlaklarla bağlı hansı rieltorlarla işləyirsiz?

- Xarici ölkələrdəki daşınmaz əmlakların alqı-satqısı, o cümlədən evlərin kirayəsi üzrə də elanları yerli agentlər birbaşa xaricdə satışla məşğul olan şirkətlərlə əlaqə yaradırlar. Birbaşa xidmət isə Bakıda göstərilir. Yəni, çalışırıq xarici əmlaklar üzrə xidmət göstərən şirkətlərin burada ofisi olsun. İnsanlarda tam inam yaransın. Sabah müştəri əlaqə saxlamaq istəyərsə, konkret müraciət edəcəyi ünvan olmalıdır.

-Yerli vətəndaşların xaricdə daşınmaz əmlaka marağı necədir və əsasən hansı məqsədlə müraciət edirlər?

- Son dövrlər xaricdə daşınmaz əmlaka maraq artıb. Əsas səbəblərdən biri manatın ucuzlaşmasıdır. Belə ki, insanlar xaricdə daşınmaz əmlaka daha çox yatırım imkanı kimi baxırlar. Bəziləri isə turizm imkanlarına görə maraq göstərirlər. Çexiya, Estoniya kimi Avropa ölkələrinə daha çox kommersiya məqsədilə daşınmaz əmlak almağa maraq göstərirlər. Belə ki, daşınmaz əmlaka sahib olub onu kirayə verməklə gəlir əldə edirlər. İspaniya və Türkiyədə isə turistik zonalardan ev almaq istəyənlər daha çoxdur. Məsələn, kimsə İspaniyada dəniz kənarında istirahət edir, məkan xoşuna gəlir. Qayıdandan sonra həmin ərazidə olan daşınmaz əmlaklarla maraqlanır.

- Əmlak agentləri ilə bağlı hansı problemlər var ki, insanlarda onlara inam yoxdur?

- Əmlak agentləri ilə bağlı problemlər çoxdur. Əsas problemlərdən biri odur ki, insanlarda maklerlərə inamsızlıq var.Məsələn, alıcı maklerə müraciət edir. Makler evin tez satılacağını deyib ondan beh alır və sonra yoxa çıxır. Və yaxud makler alıcı ilə satıcını əlaqələndirir, özü isə kənarda qalır. Belə problemlər çoxdur. Ona görə də biz bu tipli neqativ halların aradan qaldırılmasına çalışırıq. Yəni, kimsə rieltor kimi fəaliyyət göstərmək istəyirsə, bunun hüquqi tərəfləri olmalıdır. Bundan əlavə rieltorla müştəri arasında müqavilə olmalıdır. Məsələn, xarici təcrübədə əmlakını satmaq istəyənlər eksklüziv elan yerləşdirməyə üstünlük verirlər. ABŞ və Avropada əmlakların 50% qədər satışı eksklüziv rieltorlarla satılır. Yəni, əmlak elanı yalnız bir rieltora verilir. Həmin evin satışını yalnız bir əmlak agenti həyata keçirir və ev sahibinə elanlanla bağlı hər hansı zəng gəlmir.

- Bəs bizdə vəziyyət necədir?

- Azərbaycanda əmlak satışı ilə bağlı düşüncə fərqlidir. Deyirlər ki, bir agentə elan verməkdənsə, daha çox maklerə elan verərəm, özüm də elan yerləşdirərəm və beləliklə evi tez sataram. Hər hansı elan saytına baxanda görürsən ki, eyni elanı bir neçə nəfər yerləşdirib. Biri evi 100 min manata, digəri 120 min manata, bir başqası 150 min manata yerləşdirib. Bu artıq insanlarda inamsızlıq yaradır. Müştəri elə fikirləşir ki, evin qiyməti göstərilən qiymətlərdən daha ucuz ola bilər. Əgər almaq istəyirsə, aşağı qiymət təklif edən şəxslə əlaqə saxlamağa çalışır. Bu isə bəzən insanların aldadılmasına gətirib çıxarır. Qısası, əsas məsələ ondan ibarətdir ki, daşınmaz əmlak alqı-satqısında aldadılma halları aradan qaldırılsın, alqı-satqı prosesinin hüquqi çərçivədə həyata keçirilsin və insanların rieltorlara inamı artırılsın. Məsələn, mən daşınmaz əmlakla bağlı alqı-satqı həyata keçirmişəm və bu işi rieltor vasitəsilə aparmışam. Onlar peşəkardırlar, bilirlər ki, sənin evinin qiyməti neçəyədir və hansı qiymət təklif etməklə hansı müddətə satmaq olar.

Təəssüf ki, bəzi MDB ölkələrində rieltor fəaliyyəti ilə bağlı qanunlar olsa da, Azərbaycanda belə qanunlar hələki yoxdur. Hesab edirəm ki, bu baxımdan Azərbaycanda da xarici təcrübənin tətbiqinə ehtiyac var.

- “Houzboom” hansı yenilikləri planlaşdırır?

- Bir neçə yerli rieltor şirkəti ilə müqavilə imzalamağa hazırlaşırıq. Yeni rieltorları “Houzboom”a cəlb etmək istəyirik. Bu sahə ilə məşğul olan və olmayan, satış sahəsində bacarığı olan müxtəlif təhsilli gəncləri rieltor kimi fəaliyyətə cəlb etmək üçün onları maarifləndirmək istəyirik. Sadəcə ofisdə oturub sənədlər üzərində qeyd aparan maklerə rieltor demək düzgün deyil. Rieltor ilk növbədə psixoloq olmalıdır, insanlarla işləməyi bacarmalıdır, bazar üzrə məlumatlı olmalıdır, iqtisadi vəziyyətin sektora necə təsir etdiyi bilməlidir. Bundan əlavə, rieltor həm də yaxşı hüquqşünas olmalıdır. Biz rieltor şirkətləri üçün treninq kursları həyata keçirməyi planlaşdırırıq. Yeni rieltorları cəlb etmək üçün təlimlərin ilkin mərhələsi pulsuz olacaq.

Qeyd edim ki, xarici ölkələrdə bu sahə universitetlərdə tədris edilir. Məsələn, daşınmaz əmlakın inkişafı, daşınmaz əmlakın menecmenti, daşınmaz əmlakın qiymətləndirilməsi, ipoteka və maliyyə, daşınmaz əmlakın analizi və gəlirin müəyyənləşdirilməsi. Əgər rieltorlar bu sahədə pullu kurslara maraq göstərsələr sonrakı mərhələdə professional kurslara başlanılacaq və onlara evlərin bazası veriləcək. Eyni zamanda bu sahədə necə işləmək qaydaları öyrədiləcək.

Rahim Tarıverdiyev