Azərbaycanın Qiymətli Kağızlar bazarında investisiya və qazanc imkanları barədə fins.az-ın suallarına InvestAZ şirkətinin Risk və Aktivlərin İdarə edilməsi üzrə departamentinin rəhbəri Rövşən Dadaşov cavab verir.
- Rövşən müəllim, Azərbaycan Qiymətli Kağızlar bazarında hansı sərmayə imkanları var?
- Hal-hazırda Azərbaycanda səhmlər, korporativ və dövlət istiqrazları o cümlədən valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızlar ilə ticarət etmək mümkündür. Bununla yanaşı Mərkəzi Bankda daxil olmaqla digər banklar arasında bağlanan REPO müqavilələri də mövcuddur.
- Bu alətlər üzrə illik gəlirlik nə qədərdir?
- Dövlət istiqrazlarının illik gəlirlikləri 1.5 - 4.25% arası, korporativ istiqrazların illik gəlirlilikləri 8-13% arası, səhmlər üzrə kapital dəyərlənməsi nəticəsində yaranan gəlirlilik 60%-ə qədər, kredit çiyni təmin olunan törəmə qiymətli kağızlar üzrə gəlirlilik illik 100%-dən çoxdur. Bu yerdə gəlirlilik risklə düz mütənasib olduğundan investor anlamalıdır ki, yüksək gəlirli maliyyə aktivlərinin riski də yüksəkdir.
- Azərbaycanın qiymətli kağızlar bazarına beynəlxalq sərmayəçilərin diqqətini cəlb etmək üçün hansı işlər görülür və sizcə bu istiqamətdə əlavə hansı addımlar atılmalıdır?
- Sənədləşmənin sadələşdirilməsi, hesab açma əməliyyatlarının daha da operativləşdirilməsi xarici investorların diqqətini cəlb etmək istiqamətində atılan addımlar sırasına daxil etmək olar. Bəzi şübhəli ölkələr və onların vətəndaşları istisna olmaqla, digər hər hansı bir məhdudiyyətin olmaması bazara xarici investorların marağını xüsusi ilə artırmışdır. Dövlət proqramının dəstəyi ilə bazar iştirakçılarının göstərdiyi xidmətlərdə sürətli elektronlaşma prosesi gedir. Bu da xarici investorların marağının artırılması istiqamətində öncədən düşünülmüş yaxşı addımdır. Gələcəkdə sahə ilə bağlı müəyyən vergi və şəffaflıq islahatlarının sürətlənəcəyini düşünürəm.
- Hansı istiqamətlərdə sərmayə potensialının “yatdığını” görürsünüz?
- İstənilən investisiya alətində potensial var. Potensialın səviyyəsi investorun risk götürmə qabiliyyətinə görə dəyişir. Daha çox risk götürmə qabiliyyətinə malik investorlar daha çox potensialı bazarda kəşf edə bilərlər. Hazırda ən yüksək gəlir vəd edən FOREX kimi tanıdığımız maliyyə alətidir.
- Bəs, FOREX bazarı sərmayəçisinə necə qazanc vəd edir?
- Hər gün oxuduğumuz iqtisadi xəbərlər, dünyada baş verən siyasi hadisələr, Mərkəzi bankların pul siyasəti və digər məsələlər FOREX bazarı perspektivindən təkcə məlumat yığını kimi deyil, həm də əlavə gəlir mənbəyi kimi istifadə etməyə imkan verir. İnvestorlar bu xəbərləri izləməklə, digər düzgün təhlillər aparmaqla uğurlu əməliyyatlar edə və gəlir qazana bilərlər. Bazarda hər il müəyyən trend müşahidə olunur ki, bu trend bir neçə ay davam etdikdə artıq onun proqnozlaşdırılması belə çox asanlaşır. FOREX bazarının ən üstün cəhəti isə bu trendin istər qalxan istər də enən olmasından asılı olmayaraq, Sizə gəlir qazandırmasıdır.
- FOREX bazarına ilk dəfə qatılanlar nələrə diqqət yetirməlidirlər?
- Yeni başlayanlar üçün FOREX-də təhsil əsas şərtdir. Ticarət edilən maliyyə alətindən asılı olmayaraq minimum biliyə malik olmaq lazımdır. Bu sahəyə maraq göstərən yeni insanlara minimum bilik vermək üçün ödənişsiz Başlanğıc seminarları təklif edirik. İstənilən şəxs seminarlara onlayn yazılaraq InvestU layihəsi çərçivəsində təşkil etdiyimiz tədris proqramlarına qatıla bilərlər. Şirkət, başlanğıc səviyyədən peşəkar səviyyəyə qədər Universal Treyder, Ticarət Praktikası, Texniki və Fundamental analiz, Elliot dalğası, Xaos nəzəriyyəsi və s. üzrə tədris proqramları təklif edir.
- İnternetin yayılması və smartfon telefonlarından istifadənin artması FOREX-ə marağı necə artırır və InvestAZ texnologiyanın inkişafı ilə necə ayaqlaşır?
- Bütün dünyada internet imkanlarının genişlənməsi və smartfon telefonlarının istifadənin artması FOREX bazarının iştirakçılarının sayını artmasına da müsbət təsir göstərib. InvestAZ şirkətinin təqdim etdiyi ticarət platformaları vasitəsilə istifadəçilər internet üzərindən istənilən an və istənilən yerdən FOREX bazarına qoşulmalarına imkan yaradır. Şirkət olaraq biz müştərilərimizin ehtiyaclarını anlayır və arzularını gerçəkləşdirmək, təhlükəsizliyinizi təmin etmək üçün ən son texnoloji imkanlardan istifadə edirik. Şirkət ilk dəfə olaraq öz daxili gücü hesabına, InvestOR platforması adı altında daxili bazarda öz məhsulunu yaratdı. Artıq hər kəs tək hesabdan müxtəlif maliyyə alətlərinə investisiya etmək üçün şirkətin yaratdığı InvestOR platformasından istifadə edə bilər.
- Bəzən FOREX şirkətlərinin yanlış reklamlarına rast gəlinir. FOREX xidmətini təklif edən şirkətlər müştərilərinə məhsullarını təqdim edərkən ən çox hansı qeyri-etik üsullardan istifadə edirlər? FOREX-ə ilk dəfə başlayanlar zərərlə üzləşməmək üçün nəyə diqqət yetirməlidirlər?
- Doğrudan da, bu gün FOREX bazarında fəaliyyət göstərən bəzi şirkətlər yanlış reklam səbəbi ilə sərmayəçilərə ziyan vurur. Bilirsiniz ki, ölkəmizdə FOREX bazarında ticarətin təşkili və monitorinqi Bakı Fond Birjası tərəfindən aparılmaqdadır. FOREX bazarında iştirak imkanını öz müştərilərinə verilməsini təmin edən isə əsasən banklar və broker şirkətləridir. Bundan əlavə ölkəmizdə xarici brokerlərin kiçik nümayəndəlikləri də var ki, onlar Azərbaycan müştərisinə xarici brokerin nəzdnində hesab açdıra bilirlər. Müştəri broker şirkəti seçərkən həmin maliyyə təşkilatının fəaliyyətinin ölkə qanunvericiliyi ilə tənzimlənib tənzimlənmədiyinə diqqət etməlidir.
Brokerin seçilməsi, FOREX bazarında ticarətə başlamamışdan öncə atılmalı olan mühüm addımlardan biridir. FOREX bazarında ticarətin etibarlılığı seçilmiş brokerin fəaliyyətinin müvafiq dövlət qurumları tərəfindən tənzimlənməsindən asılıdır.
Reklam vasitəsilə gələn müştəri ilkin mərhələdə onu maraqlandıran broker xidmətləri spektrini müəyyən etməlidir. Daha sonra isə əmrlərin (order) yerinə yetirilməsinə diqqət edilməlidir, çünki bir çox hallarda bazarda qiymətlər ani olaraq dəyişir.
Digər bir vacib nüanslar isə şirkətin təqdim etdiyi mütəmadi bazarın analitik araşdırılması, gün ərzində 24 saat xəbər və texniki dəstək kimi xidmətlərin göstərməsidir. Bu gün bazarda uzunmüddətli fəaliyyət tarixinə, lisenziyaya və müştərilərlə şəffaf müqavilə münasibətləri təcrübəsinə malik olan broker şirkətlərini etibarlı hesab etmək olar.
- Fərdi şəxslərin FOREX bazarına cəlb edilməsinin qarşısındakı ən böyük maneə nədir? Bu bazarı daha da canlandırmaq üçün hansı addımlar atılmalıdır?
Qarşıda duran ən böyük maneə fərdi şəxslərin bu sahə haqqında məlumatının az olmasıdır. Bu məqsədlə də InvestAZ şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə Kapital bazarı üzrə Təlim Mərkəzi yaratmışdır. Təlim Mərkəzinin əsas məqsədi təlim proqramlarını ən yüksək səviyyədə təqdim etməklə Azərbaycanın qiymətli kağızlar bazarının intensiv və savadlı inkişafının stimullaşdırmaqdır.