04 Noyabr

Səhm nədir?

Səhmin nə olduğu haqqında yazıya ilk olaraq Mülki Məcəllədə ona verilən təriflə başlayaq: “Səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır”. Sadə dillə desək, səhm hər hansın bir şirkətin müəyyən bir hissəsinə sahib olduğunuzu göstərir və həmin şirkətin mənfəətindən dividend almağa hüquq verir. Səhmi ancaq səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxslər buraxa bilər. Səhmin nominal dəyəri dedikdə, 1 səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsi başa düşülür. Səhm səhmdar cəmiyyətinin ali yığıncağında, səsvermədə və idarə olunmasında iştirak etmək hüquqlarını verir. Səhmin 2 növü var: adi və imtiyazlı səhmlər.

Yuxarıda qeyd olunan hüquqlar adi səhmlərə məxsusdur. İmtiyazlı səhmin adi səhmdən bir neçə fərqi var: 1. Adi səhm sahibləri səhmdar cəmiyyətin fəaliyyətindən (mənfəətə çıxmasından) asılı olaraq dividend alırsa, imtiyazlı səhm səhmdar cəmiyyətin fəaliyyətindən asılı olmayaraq həmin səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verir. 2. Səhmdar cəmiyyətin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara (adi səhm sahiblərinə) nisbətən üstünlük hüququ verir. 3. İmtiyazlı səhm cəmiyyətin idarə edilməsində iştirak hüququ vermir.

Bir misalla yuxarıda yazdıqlarımıza biraz da aydınlıq gətirək: “ABC” ASC (Açıq Səhmdar Cəmiyyəti) təsis edilmişdir. ASC-nin nizamnamə kapitalı hər birinin nominal dəyəri 2 AZN olan 50 səhmdən formalaşıb. Yəni şirkətin nizamnamə kapitalı 100 AZN-dir. Siz şirkətin 5 səhmini almısınız. Bu o deməkdir ki, siz şirkətin 10 faizinə sahibsiz. Cari ilin sonuna şirkət maliyyə hesabatında 10 000 AZN xalis mənfəətə çıxdığını göstərir. “ABC” ASC sizə həmin xalis mənfəətin 10 faizini, yəni 1000 AZN dividend ödəyir.

Səhm istiqrazdan fərqli olaraq daha riskli, amma daha çox gəlir gətirə bilən qiymətli kağızdır və istiqrazlardan fərqli olaraq silinmə tarixi əvvəlcədən bilinmir. Ancaq şirkət ləğv olunarsa məhkəmə qaydasında həmin səhm də kompensasiya ödənildikdən sonra ləğv olunur.