İnsanları narahat edən məsələlərdən biri də vəsaitinin pul gətirməməyidir. Bir az pulu olanlar bu hisslə tanışdırlar. Daim harasa investisiya etmək barədə düşünürlər. Əmlak almaq, banka depozit yerləşdirmək, manata keçid etmək və yaxud vəziyyətin necə olacağını görmək üçün bir az da gözləmək kimi fikirlər ağlımızda dolanır. Bazar iqtisadiyyatı daim volatil (yəni qeyri stabil) olduğu üçün bu fikirlər hər zaman olacaqdır. Manatın üzən məzənnəyə keçməsinədək daha rahat qərar verə bilərdik. Artıq professionallardan məsləhət almaq vaxtıdır. Nəzərə alsaq ki, investorlar uzun müddətli investisiyalar etməkdə tərəddüd edirlər və daha çox gözləmə mövqeyi tutmağa çalışırlar, bu gözləmə dövründə də qısa müddətli investisiyalar edib qazanmağın yolları var. AzFinance İnvestisiya Şirkətinin Direktor müavini İntiqam Səfərəliyev fins.az-a açıqlamasında qısa müddətli investisiyalar etməyin ən risksiz 2 üsulunu açıqlayıb.
1. 6 aylıq manat istiqrazları 18% gəlir vəd edir
İ.Səfərəliyev bildirib ki, investorlar ilk növbədə yatırımlarının geri qayıdacağına qarantiya istəyirlər. Azərbaycanda ən yüksək zəmanət kimi dövlət qarantiyası çıxış edir. Digər tərəfdən, qısa müddətli investisiya kimi adətən borc alətləri çıxış edir. Bunun üçün investorlara 6 və ya bir illik dövlət istiqrazlarına investisiya etmək tövsiyyə edilir. Bu günədək Azərbaycan dövləti bütün istiqrazlar üzrə faizləri və əsas məbləği tam vaxtında geri ödəyib. Bu proses çox sadədir. İnvestorlar istiqrazları 84.75 manata ala bilərlər və bir il sonra konkret tarixdə dövlət onlara 100 manat geri ödəyir. Nəticədə, investor 15.25 manat qazanır ki, bu da 84.75 manatın 18%-ni təşkil edir, yəni istiqraza pul yatıranlar illik 18% qazanc əldə etmiş olurlar. Altı aylıq istiqrazları isə 91.18 manata almaqla müddətin sonunda (18.10.2017-də) 100 manat qazanmaq mümkündür. Yenə də qazancınızı müddətə böləndə illik 18% təşkil edir. Lakin bu qərarı verərkən dolların məzənnəsinə baxmaq lazımdır. Çünki, hesab edirik ki, insanların vəsaiti dollardadır və manata keçmək barədə tərəddüd edirlər.
Bəs, investor dolları 1.62 manata satıb dövlət istiqrazları aldığı halda nə baş verəcək?
İ.Səfərəliyev bildirib ki, investor əlində olan valyutanı 1.62 manat kursu ilə dəyişib bir illik istiqraza yatırarsa, 18% gəlir əldə edir və bu da 1.91 manat məzənnəsinə ekvivalent gəlir deməkdir. Yəni, bir il sonra dolların kursu 1.91-ə qalxsa belə, investor heç bir itki ilə üzləşməyəcək. Əgər dolların məzənnəsi 1.91 manatdan aşağı olarsa investor bu əməliyyatdan qazanmış olacaq. Kurs 1.91 manatdan yüksək olarsa investor manatla yatırım etdiyi üçün itirəcəkdir.
Bəs dolların məzənnəsi 1.91 manata qalxa bilərmi?
İ. Səfərəliyev deyib ki, 6 aylıq istiqrazları aldığımız zaman investorun itirməsi üçün oktyabr ayınadək dolların məzənnəsi 1.76 manatı keçməlidir ki, hazırki proqnozlara əsasən isə dolların kursu oktyabr ayına qədər sadalanan həddi keçməyəcək. Bununla da investorların manatla istiqraza pul yatırmaqla bağlı şübhələrinə son qoymuş oluruq.
Eləcə də bax: Manata keçməyin vaxtıdırmı? – TƏHLİL
2. Dollarla investiya etmək istəyənlər SOCAR istiqrazları alsınlar
Manat istiqrazları ilə yanaşı, dollarda da investisiya etmək mümkündür. İ.Səfərəliyev hesab edir ki, AzFinance İnvestisiya Şirkətinə müraciət edərək SOCAR istiqrazları əldə edə bilərlər. Məsələn, investor 18.04.2017 tarixindən SOCAR istiqrazlarını 1000 dollara alıb və 6 ay sonra eyni qiymətə sata biləcəyi barədə təminat alırlar. Bu dövr ərzində isə 2 dəfə faiz ödənişi əldə edirlər. Hər bir istiqraz üzrə 25 dollar qazanırlar. Bundan əlavə, oktyabrda istiqrazları 1000 dollara sataraq illik 5% gəlir əldə edirlər.
İ.Səfərəliyev bildirib ki, investisiya məsləhəti almaq istəyən investorlar AzFinance İnvestisiya Şirkətinə müraciət edə bilərlər. Amma hazırda investorun hara pul yatırdığı, nə qədər informasiyalı olduğu, nə qədər risk götürməyə hazır olması, prosesə nə qədər vaxt ayıra bilməsi və s. məsələlər dəqiqləşdirilməlidir ki, investorun profili müəyyən edilsin. O əlavə edib ki, “AzFinance” eyni zamanda bazalaşdırdığı məlumatları və təhlilləri fərdi investorlarla müzakirə etməyə hazırdır.