04 Noyabr

Motosikletlərin satışı artır - BAKI “MOTOR ŞOU”

Azərbaycanda motosiklet sürənlərin sayı və əhatə dairəsi artmaqdadır. Artıq moto-həyat sürənlərin arasında qadınlar da var. Mayın 15-də Bakı Ekspo Mərkəzində işə başlayan Baki “Motor Şou”nun ən maraqlı hissəsi motosikllərə aiddir.

Qiymətlər 1600 manatdan 60 min manata qədər

Bakı Beynəlxalq “Motor Şou”sərgisində ən bahalı və ən ucuz motosiklləri "Azman" şirkəti təqdim edir. Şirkətin nümayəndəsi Əlisahib Cəfərov fins.az-a bildirib ki, Çində istehsal olunan “Zontes” motosikletlərinin qiyməti 1600 manat, Amerika istehsalı olan “Harley-Devidson”ların qiyməti isə 60 min manata qədərdir.
“Zontes”ləri əsasən kuryerlik fəaliyyəti ilə məşğul olan gənclər alırlar. “Harley-Devidson” və “Piaggio Qrup Vespa”nın alıcıları isə motosiklləri ləzzətlə sürmək istəyənlərdir.
“Suzuki Moto” salonunun ən bahalı modeli isə “Suzuki Hayabusa”dır - 16700 manat. Şirkətin satış və marketinq meneceri Anar Bünyatzadə fins.az-a bildirib ki, “Suzuki Hayabusa”nı əsasən adrenalin sevənlər alır. Şirkətin “Suzuki Street”, “Inazuma”, “GSR 750” və “Gladius” modelləri də populyardır.

Bu il satışlar 20-30% artacaq

Anar Bünyatzadə fins.az-a bildirib ki, son vaxtlar motosikllərə tələbat artır, təkcə bu il satışlar təqribən 5 faiz çoxalıb. Artımın səbəbləri müxtəlifdir: " Motosiklləri bəziləri tıxaclara görə, digərləri 3-cü nəqliyyat vasitəsi kimi, bir başqaları isə sadəcə motosikletlərə olan sevgisinə görə alırlar".
Alıcıların əksəriyyəti Bakı sakinləridir, amma Gəncə, Lənkəran və Qubadan da motosikl alıcıları artıb. Yeri gəlmişkən, motosikl sürmək istəyənlər arasında az olsa da, qadınlar da var: "Təqribən 40 alıcıdan biri qadındır. Onlar daha çox “Street” Burgman kimi modellərə üstünlük verirlər.
“Azman Co”nun nümayəndəsi Əlisahib Cəfərov fins.az-a bildirib ki, motosikl satışlarının bu il də ciddi artacağı gözlənilir: "Bu il satışların təqribən 20-30 faiz artacağını gözləyirik".

Sığortası avtomobildən də bahadır

Avtomobillər kimi, motosikllər də icbari və kasko sığorta olunur. İcbarı sığorta haqqı 50 manat, sığorta ödənişinin məbləği isə 50 min manatdır. Anar Bünyatzadə bildirib ki, burda 5 min manat mülkiyyətə, 45 min manat isə sağlamlığa vurulan zərərə görə ödənilir: "Biz motosikllərimizi “Qarant” və “Atəşgah” sığorta şirkəti ilə icbari sığortalayırıq". Motosikletlərin kasko sığorta haqqı isə 300 manatdan 1000 manata qədər dəyişir. Sığorta haqqı 4 % təşkil edir: "Məsələn, 16700 manata olan “Suzuki Hayabusa”nı 668 manata sığortalamaq mümkündür".
Motosikllə bağlı qəzalar adətən piyadalar və motobaykerin yolu düzgün seçməməsi səbəbindən olur. Problemin əsas səbəblərindən biri motosikletlər üçün yolların, yəni sürətlə sürüb adreanlin almaq üçün treklərin olmaması ilə bağlıdır: "Təsəvvür edin bunun üçün hətta Gürcüstana üz tuturlar".