04 Noyabr

“Özünlə Başla: Yay Məktəbi” layihəsinə start verildi

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Sabunçu Gənclər Evinin tərəfdaşlığı və Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin təşkilatçılığı ilə Nəsiminin 650 illiyinə həsr olunmuş “Özünlə Başla: Yay Məktəbi” layihəsinə start verildi.

Fins.az xəbər verir ki, Yay məktəbi 26-31 avqust tarixlərində Daşkəsən rayonunda keçiriləcək. Layihədə Bakı, Biləsuvar, Şəmkir və Qazax rayonlarından ümumilikdə 30 gənc iştirak edəcəkdir. Tədbirin ilk günündə Sabunçu Gənclər Evinin rəhbər nümayəndəsi Samir Mehrəliyev yay məktəbini açıq elan edərək iştirakçılara uğurlar arzuladı. Sonra Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin rəhbəri Ələmdar Qardaşov iştirakçıları layihənin məqsəd və vəzifələri haqqında məlumatlandırdı.

Daşkəsən rayon Gənclərin Təlim və İstirahət Mərkəzində keçirilməsi nəzərdə tutulmuş yayməktəbinin 5 günlük proqramı iştirakçıların fiziki və zehni inkişafına istiqamətlənir.Təlimlər Kənan Bağırov və Qoşqar Qurbanlı tərəfindən keçiriləcək. İnteraktiv formada həyata keçirilən təlim mövzuları iştirakçıların dünya görüşünü artıracaq, həm də onlara yeni peşəkar bacarıqlar aşılamağa yardımçı olacaq. Yay məktəbi zamanı iştirakçıların asudə vaxtını zənginləşdirmək üçün interaktiv,intellektual, təşkilatlandırıcı qrup oyunları, idman və zehni yarışları təşkil olunacaq.

Qeyd edək ki,“Özünlə Başla: Yay Məktəbi” layihəsi Gənclər Təşkilatı üçün 12-ci Qrant Müsabiqəsinin qalibi olmuşdur.