Dünya ölkələrində olduğu kimi Azərbaycanda da xaricdə təhsil almaq istəyən gənclərimiz kifayət qədərdir.
Son zamanlar tələbələr Estoniyada təhsil almağa daha çox üstünlük verirlər.
Fins.az AzEdu.az-a istinadən Estoniyada təhsillə bağlı sual və cavabları təqdim edir.
- Estoniya universitetlərində illik təhsil haqqı nə qədərdir?
- Estoniya universitetlərində illik təhsil haqqı tələbələrin oxuduğu ixtisasdan asılı olaraq dəyişir. Universitetlərə illik ortalama təhsil haqqı 1000-7500 avro arasında dəyişir.
- Estoniyada tibb sahələri üzrə ixtisaslarda təhsil haqqı nə qədərdir?
- Tibb ixtisaslarında illik təhsil haqqı təxmini 11000 avroya çata bilir.
- Estoniya universitetlərində bakalavr səviyyəsi üzrə tədrisin müddəti nə qədərdir?
- Estoniya universitetlərində bakalavr proqramı üzrə tədrisin müddəti isə 3-4 ildir. Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Tibb ixtisası üzrə təhsilin müddəti 6, Stomatologiya, Əczaçılıq, Tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir. Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti isə 3-4 il davam edir.
- Estoniyada aylıq yaşayış xərcləri nə qədərdir?
- Estoniyada aylıq yaşayış xərcləri təxmini 300-500 avro arasında dəyişir.
- Hazırda Azərbaycan Dillər Universitetini bitirmişəm və Estoniyada təhsil almaq istəyirəm. Bilmək istərdim ki, Estoniyada yataqxanaların aylıq ödənişi nə qədərdir?
- Estoniyada yataqxanaların aylıq ödənişi ortalama 150 avrodur. Kirayə evlərdə yaşamaq istəyən əcnəbi tələbələr üçün isə bu rəqəm 250-500 avroya qədər arta bilər.
- Estoniya universitetlərində qəbul olmaq üçün hansı imtahanları vermək lazımdır?
- Estoniya universitetlərində bakalavr səviyyəsində oxumaq üçün IELTS 6.5 bal toplamaq lazımdır. Eyni zamanda təhsil almaq istəyənlərin attestat qiymətləri də yaxşı olmalıdır.
- Estoniyanın Tartu Universitetində tam təqaüdlə təhsil almaq mümkündür?
- Estoniyanın Tartu Universiteti çox zaman PhD dərəcəsi üzrə tələbələrə təqaüd verir.