04 Noyabr

Qəbul imtahanlarında iştirak edən oğlanların 28.8, qızların isə 18.6 faizi 100-dən az bal toplayıb

"Təhlil göstərir ki, aşağı və orta bal (0-499) intervalına düşən oğlan abituriyentlərin sayı qızların sayından çoxdur. Balları 0-499 intervalına düşən abituriyentlərin 53.0 faizi oğlanlardır".

Fins.az-ın xəbərinə görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi 2018-ci il üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri təhlilində yer alıb.

Jurnalda bildirilib ki, yüksək (500-700) bal intervalında isə vəziyyət əksinədir: "Burada qız abituriyentlər üstünlük təşkil edir. Balları bu intervalda yerləşən abituriyentlərin 44.9 faizi oğlanlar (500-599 bal intervalında 43.9 faiz, 600-700 bal intervalında 46.6 faiz), 55.1 faizi isə qızlardır (500-599 bal intervalında 56.1 faiz, 600-700 bal intervalında 53.4 faiz).

Qeyd olunub ki, daha kiçik bal intervalları (0-99, 100-199, 200-299, 300-499, 500-700) daxilində oğlan və qız abituriyentləri üzrə ayrılıqda aparılmış araşdırmalara əsasən, yalnız aşağı bal intervallarında (0-99, 100-199) oğlan abituriyentlərin nisbi çəkisi daha yüksəkdir: "Belə ki, qəbul imtahanlarında iştirak edən oğlanların 28.8, qızların isə yalnız 18.6 faizi 100-dən az bal toplayıb. 100-199 bal intervalında isə oğlanların və qızların nisbi çəkisi uyğun olaraq 23.0 və 22.0 faiz olub. Qalan bütün bal intervallarında qızlar (nisbi) sayca üstünlüyə malik olub. Aşağı bal topladıqları üçün 18805 oğlan və 13117 qız müsabiqədən kənarda qalıb. Qəbul imtahanlarında iştirak edən qızların 66.04, oğlanların isə 55.95 faizi müsabiqədə iştirak etmək hüququ qazanıb".