Azərbaycan Pedoqoji Universitetində korreksiyaedici təlim ixtisası üzrə təhsil alan şəxslərin 80 faizi öz ixtisası üzrə işləmir.
Fins.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyi tərəfindən media üçün keçirilən təlimdə De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin sayı 6655 nəfərdir:
“Yeddi nəfər stasionar şəraitdə, 54 nəfər inklüziv siniflərdə, 1393 nəfər inteqrasiya təlimli təhsil müəssisələrində, 2508 nəfər xüsusi məktəb və internat tipli müəssisələrdə təhsil alırlar”.
“Bakı şəhəri üzrə inklüziv təhsilə dörd pilot məktəb cəlb olunub. Bu məktəblər üzrə layihədə 500 nəfər tipik uşaq, 4 məktəb psixoloqu, 4 ibtidai təhsil üzrə direktor müavini, 27 ibtidai sinif müəllimi, 8 xüsusi təhsil üzrə mütəxəssis və 4 məktəb direktoru iştirak edir”, - deyə şöbə müdiri qeyd edib.
Anar Xələfov bildirib ki, xüsusi təhsil üzrə müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə bu ixtisasa qəbul zamanı müsahibənin olmasını təklif edilir.
© Oxu.az